AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Şəxsi arxivlərin tədqiqi şöbəsinin əməkdaşı Nərgiz Mustafazadənin tərtib edib nəşrə hazırladığı “Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı işıq üzü görüb.
İnstitutun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunan kitabda XIX əsr Azərbaycan şairi, dramaturq, Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin qız nəvəsi Qəmər bəyim Şeydanın (1881–1933) Əlyazmalar İnstitutunun fondunda mühafizə edilən “Zülmün daşqını” adlı əsəri müasir əlifbada təqdim olunur. Transfoneliterasiya edilərək nəşrə hazırlanan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
1918-ci ildə qələmə alınan altı pərdəli pyesdə dövrün varlı bəyləri arasında gedən qan davası, ədavət və düşmənçilik nəticəsində baş verən faciələr, milli qırğınlar təsvir olunub.
Qeyd edək ki, yeni nəşrin redaktoru filologiya elmləri doktoru, dosent Nailə Səmədova, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Bağırovadır.