Xətai Sənət Mərkəzindən rəngli təəssürat

 

Xətai Sənət Mərkəzi fəaliyyətə başladığı gündən sənətsevərlərin ən sevimli məkanlarından birinə çevrilib. “Rəsm əsəri bir zövq göstəricisidir” devizi ilə fəaliyyət göstərən mərkəzin rəhbərliyi düşünür ki, evlərdə, ofislərdə asılan əsərlər zövq oxşamalı, nostalji hisslər yaratmalıdır. Hər bir əsərə baxanda həm rəssam, həm əsərin sahibi, həm də əldə edildiyi qalereya diqqət çəkir. Çünki qalereya rəssamla alıcı arasında vasitəçi rolunu oynayır.

Mərkəzə həm ziyarətçi, həm də alıcı kimi xarici turistlər və sənətsevərlər təşrif buyururlar. Müxtəlif sərgilərin və mədəniyyət tədbirlərinin təşkili, rəsm əsərlərinə maraq yaratmaq üçün bir sıra təşkilatlarla əlaqəli iş mərkəzə gələnlərin sayını gündən-günə artırır. Mərkəzə təşkil olunan ekskursiyalar da uşaqların estetik və bədii təfəkkürünün formalaşmasına böyük təsir göstərir. Qədim əşya, milli suvenir, heykəl, rəsm əsəri, poster, çərçivə sifarişi, rəssamlıq ləvazimatının bir məkanda olması buranının bir sənət mərkəzi obrazını formalaşdırıb.

2008-ci ildən fəaliyyət göstərən mərkəzdə mütəmadi olaraq gənc rəssamların qrup sərgiləri, uşaq rəsm festivalları, yaradıcılıq müsabiqələri, müxtəlif mövzulu sərgilər keçirilir. Burada fəaliyyət göstərən rəsm kursları isə müxtəlif yaş qruplarında həvəskarlar üçün təkcə rəsm çəkməyi bacarmaq imkanı deyil, həm də dünya rəssamlıq nümunələri ilə tanışmaq imkanı yaradır. Mərkəzə təşkil edilən ustad dərsləri də öz tematikası ilə fərqlənir. Uşaqlar yağlı boya, sulu boya ilə işləmək bacarıqlarını inkişaf etdirirlər.

Mərkəzin direktoru Zahid Əvəzov deyir ki, 16 illik fəaliyyət dövründə mərkəz daim yeniliklər, maraqlı layihələr təqdim etməyə çalışır.

Burada sərgilənən əsərlər diqqəti cəlb edir. Onlar həm də satış üçün təqdim olunur. Mərkəzdəki qalereyanın zəngin fondu var və vaxtaşırı ekspozisiyadakı əsərlər yenilənir. Əsərlər ayrı-ayrı guşələrdə, mövzular üzrə qruplaşdırılıb. Bu da ziyarətçilərə rahat şəkildə əsərlərlə tanış olmaq imkanı yaradır. Miniatür əsərlərin yer aldığı xüsusilə diqqəti cəlb edir. Burada təqdim olunan nümunələr miniatür rəssamlıq məktəbimiz haqqında geniş təəssürat yaradır. 30-dan çox müasir rəssamın miniatür üslubda işlədiyi əsərlərin nümayiş olunduğu sərgi tamaşaçıları sanki nağıllar dünyasına səyahətə aparır.

Beynəlxalq Sulu boya Cəmiyyətinin (IWS) Xətai Uşaq Sənəti Qalereyası da burada fəaliyyət göstərir. Qalereyada bu ilin fevral-aprel aylarında keçirilmiş “Baharın rəngləri” uşaq rəsm turnirində fərqlənən əsərlər nümayiş olunur. Zahid Əvəzov deyir ki, ekspozisiya turnirdə 10-21 yaş arası yeniyetmə və gənclərin bahar mövzusunda ərsəyə gətirdiyi əsərlər hesabına formalaşıb. Qalereyanın bədii rəhbəri rəssam-pedaqoq Gündüz Həbibov, kuratoru rəssam-pedaqoq Ədilə Qasımovadır. Müxtəlif üslub və janrlarda peşəkar müəlliflər tərəfindən yaradılmış nümunələrin yeniyetmə və gənclərin əsərləri ilə eyni məkanda təqdimatı gəncliyin yaradıcılıq həvəsini stimullaşdırmaqla yanaşı, onların sənət zövqünün zənginləşdirilməsinə də xidmət edir.

Xətai Uşaq Sənəti Qalereyasının bədii rəhbəri Gündüz Həbibov burada əsərlərin növbəli şəkildə sərgiləndiyini deyir: “Əsərlərin hər biri uşaqların öz əl əməyi və göz nuru ilə yaranan işlərdir. Əsərlər təmiz fransız kağızı üzərində işlənilib və Xətai Sənət Mərkəzi tərəfindən bütün ləvazimatlar uşaqlara təmənnasız təqdim olunub”.

Günü-gündən yeniliklərə yelkən açan Xətai Sənət Mərkəzinin kollektivinə uğurlar arzulayaraq bu sehrli məkandan xoş əhval və rəngarəng duyğularla ayrılıram.

Lalə Azəri