Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin növbəti sayı Çeçenistana (RF) həsr edilib.
Jurnalın bu sayında fərqli ədəbi nəsillərə mənsub tanımış imzaların seçmə proza və poeziya nümunələri toplanıb. Nəşrdə Çeçenistanın tarixinə və bu gününə, çeçen dili və ədəbiyyatına dair məqalələr də öz əksini tapıb.
Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla nəşrdəki “Qafqaz dağlarıtək məğrur çeçen ədəbiyyatı” adlı təqdimat yazısında qeyd edir ki, “Dünya ədəbiyyatı” dərgisinin Çeçenistan ədəbi cameəsinə həsr olunmuş bu sayında təqdim olunan klassik və müasir nümunələrdə çeçen həyatı, xalqın quruculuq və mübarizə tarixi boy göstərir. Akademikin fikrincə, çeçen ədəbiyyatı mənsub olduğu xalqla eyni taleyi yaşayıb, dəfələrlə repressiyalarla üz-üzə qalıb, lakin sınmayıb, tarix səhnəsini tərk etməyib, çətinliklərdən keçərək, sınaqlardan çıxaraq öz bədii mövcudluğunu qoruyub saxlamağı bacarıb, xalqın taleyini, özünəməxsus mədəniyyətini bu günümüzə daşıyıb”.
Qeyd edək ki, dərginin bu sayı AYB ilə Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Nəşrin hazırlanmasında universitetin rektoru İsmayıl Bayxanovun, əsərlərin tərcüməsi üçün hüquqların təmin olunmasında Çeçenistan Yazıçılar İttifaqının sədri Aləməhəd Yelsayevin xüsusi rolu var. Layihənin koordinator və məsləhətçiləri Tamara Avtayeva və Raisa Buralovadır.
Nəşrin “Proza” bölümündə Səidbəy Arsanov, Xalid Oşayev, Səid Budayev, Məhəmməd-Salah Qadayev, Umar Qaysultanov, İsa Zakriyev, Səid-Həmzət Nunuyev, Musa Əhmədov, Əminət Tapalayeva, Asya Umarova və başqa müəlliflərin yaradıcılığından nümunələr var.
“Poeziya” bölümündə Məryəm İsayeva, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Əhməd Süleymanov, Raisa Əhmədova, Şeyxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev və digər şairlərin əsərləri verilib.
Çeçen poeziyası nümunələri Azərbaycan oxucusuna AYB-nin katibi Səlim Babullaoğlunun tərcüməsində təqdim olunub. Bədii nəsr və ədəbiyyatşünaslıq materiallarını isə Seyfəddin Hüseynli, Azad Yaşar, Dürdanə İbrahimova-Hüseynbəyli, Şəfiqə Şəfa, Səadət Sultan və Həmid Piriyev tərcümə ediblər.