TÜRKSOY-un Ankaradakı baş ofisində İraq türklərinin mədəniyyət günü keçirilib.

İyulun 4-də təşkil olunan tədbirdə TÜRKSOY baş katibinin müavini Sayit Yusuf, Ankara Sosial Elmlər Universitetinin (ASBU) rektoru Musa Kazım Arıcan, Türkməneli əməkdaşlıq və mədəniyyət fondunun prezidenti Turhan Ketene və İraq Türkmən Cəbhəsinin Türkiyə nümayəndəsi Kutluhan Yayçılı iştirak ediblər.

İraqın türklər yaşayan bölgəsini tanıdan qısa video nümayiş olunub.

Turhan Ketene çıxışında “İraq türkmənləri” ifadəsindən narahatlığını ifadə edərək “Biz İraq türkmənləri deyilik, İraq türkləriyik” deyib. O, İraq türklərinin Türk dünyasının ictimai rəyində hər zaman yer almasının vacibliyini vurğulayıb, TÜRKSOY-a təşəkkür edib.

Dünyadakı bütün türklərin ünsiyyətini və qarşılıqlı fəaliyyətinin koordinasiyasını təmin edən TÜRKSOY-la birgə çalışmaqdan danışan Kutluhan Yayçılı İraq türklərinin bölgədəki mövcud şərtlərə görə çətin bir yoldan keçdiyini vurğulayıb.

Rektor Musa Kazım Arıcan ASBU-da Türk dünyasının mədəni inkişafı ilə əlaqədar həyata keçirilən işlərdən bəhs edib.

TÜRKSOY baş katibinin müavini Sayit Yusuf isə TÜRKSOY-un İraq türkləri ilə bağlı fəaliyyət və tədbirlərə xüsusi önəm verdiyini vurğulayıb: “Çox geniş türk coğrafiyasında türkləri bir araya gətirmək, türk varlığını, kimliyini, bilgisini digər türklərə tanıtmaq TÜRKSOY-un vəzifəsidir”.

Tədbirin panel bölməsində tədqiqatçı və yazarların məruzələri dinlənilib, sonra mədəni proqram təqdim olunub.

Mehparə Sultanova
Ankara