Yerli musiqi kollektivləri çıxış edib

 

Xəbər verdiyimiz kimi, 5-7 iyul tarixlərində Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı keçirilib. Festival Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Son illərin ənənəsinə uyğun olaraq, bu il də “İpək Yolu” festivalı ilə bərabər, Şəkidə “Şəhər günü” də keçirilib.

İyulun 6-da keçirilən mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli, Şəki Bələdiyyəsinin sədr müavini Səyyarə Musayeva çıxış ediblər.

Diqqətə çatdırılıb ki, Şəkidə sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etməsi ona UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə üzv olmaq hüququ qazandırıb. 2019-cu ildə isə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında (7 iyul, Bakı) “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

“Yuxarı Karvansara” mehmanxana kompleksinin həyətində və “AzAbrau-Şəki Şərab” MMC-də təşkil olunan bayram proqramı Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi kollektivləri – Şəki Folklor ansamblı, “Zirvə” ansamblı, Qax rayonu Qaxingiloy kənd Mədəniyyət evinin “Şvitkatso” xalq xoru və “İmedi” rəqs qrupunun rəngarəng çıxışları ilə də yadda qalıb.