Almaniyanın qabaqcıl ali təhsil ocaqlarından olan Hamburq Universitetinin Musiqişünaslıq fakültəsində təhsil alan Bakı Musiqi Akademiyasının məzunu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Cəmilə Abdullayeva (Manafova) iyulun 5-də universitetdə maraqlı bir təqdimatı ilə izləyicilərin böyük rəğbətini qazanıb. O, alman dilində mühazirəsində Azərbaycanın qədim milli nəfəs alətləri balaban, zurna və tütəyin tarixi etimologiyası, hazırlanma üsulları, ifa texnikasını professor-müəllim heyətinə, yerli və xarici ölkələrdən olan tələbələrin nəzərinə çatdırıb.
Mühazirədə bu alətlərin solo və ya qrup şəklində ifası, dizaynı, səslənmə və texniki imkanları, dinləyicilərin estetik zövqünün formalaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, 1977-ci ildə başqa sivilizasiyaların varlığını araşdırmaq üçün kosmosa göndərilən iki Amerika kosmik zondunda İ.S.Bax, V.A.Motsart, L.V.Bethovenin, caz musiqiçisi Lui Armstronqun, rok musiqiçisi Çak Berri və digər musiqiçilərin əsərləri ilə yanaşı, Azərbaycan nəfəs alətində ifa da yer alıb. Milli nəfəs alətləri – balaban, zurna və tütəyin Azərbaycan bəstəkarlarının opera, operetta, sonata, pyes, konsert və digər musiqi janrlarında istifadəsi, orkestrlərin səslənmə koloritinin milli çalarlarla zənginləşdirilməsində rolundan da bəhs edilib.
Sənətşünasın mühazirəsi adıçəkilən nəfəs alətləri ilə bağlı video və audioyazılarla müşayiət olunub.
Mühazirənin sonunda iştirakçılara Azərbaycan şirniyyatları təqdim edilib.
Samirə Əzizova
ADMİU-nun baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru