“Hər şey yaxşı olacaq: sabah və ya nə vaxtsa”

 

İncəsənət insan hisslərini təsvir edən vasitədir. Bəzən insanlar sözlərlə ifadə edə bilmədiklərini rəsmdə təsvir edə bilirlər. Günümüzdə incəsənətə yeni texnoloji anlam gəlib. Bu müasirlik bizim xeyrimizə olduğu qədər, həm də dövrümüzün yaradıcılığını bizə təqdim edir. Bunu bizə hiss etdirməyə çalışan “YAY” qalereyası yenidən açılışını elan edir.

İyulun 5-də “YAY” qalereyasında “Hər şey yaxşı olacaq: sabah və ya nə vaxtsa” adlı qrup sərgisinin açılışı olub.

Layihənin kuratoru Zəhra Məmmədova bildirib ki, fərqli təcrübələri olan səkkiz rəssam bu sərgidə bir araya gəlib. Ekspozisiyada Rasim Babayev, Elşən Baba, Orxan Hüseynov, Tərlan Qorçu, Aida Mahmudova, Qafar Rzayev, Zamir Süleymanov və Chingizin əsərləri təqdim olunub.

Qrup sərgisinin başlıca məqsədi müəyyən “düşüncə toxumlarının” cücərməsinə sövq etmək, insanları çətin dövrlərdə incəsənətin gücünə inanmağa vadar etməkdir.

“YARAT” Müasir İncəsənət Məkanının baş kuratoru, sənətşünas Fərəh Ələkbərli “YARAT”ın təsisçisi Aida Mahmudovaya və sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Sərgi ilə tanış olan qonaqlara burada müasir dilemmalardan tutmuş introspektiv səyahətlərə qədər geniş mövzuları araşdırmaq təklif olunur. Ekspozisiya özündə rəssam “gündəliyini” ehtiva edir. Sərgi tamaşaçıları “incəsənət, eyni zamanda, həm güzgü, həm də bir vasitədir” düşüncəsi ilə də üz-üzə qoyur.

Əsərlərdə bizim ictimai-siyasi reallığımız ilə dialoq, ruhumuza ünvanlanan və onunla danışan səmimi söhbət var. Hər bir rəssam, özünəməxsus şəkildə öz dövrünün həqiqət carçısı sayıla, bizi öz hekayələrində məna tapmağa dəvət edə bilər.

Sərgi ilə tanışlıqdan sonra sənətsevərlərə konsert proqramı da təqdim edilib.

Sərgi dekabrın 8-dək davam edəcək.

Qeyd edək ki, 2012-ci ildə yaradılmış “YAY” qalereyası İçərişəhərdə yerləşir. “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən təsis edilən qalereyanın əsas fəaliyyəti Azərbaycan və digər ölkələrdən olan istedadlı və perspektivli gənc rəssamların, tanınmış və təcrübəli sənətçilərin əsərlərindən ibarət sərgi-satış tədbirlərinin keçirilməsinə yönəlib.

“YAY” qalereyasının digər prioritetlərindən biri də fikir və təcrübə mübadiləsi platforması olaraq rəssamlar, həmçinin incəsənət sahəsində çalışan mütəxəssislər tərəfindən aparılan mühazirələr, seminarlar, habelə film nümayişləri və s. təşkil etməkdir.