Mövsümə necə və nə ilə yekun vurulur?
Daha bir teatr mövsümü də, beləcə, başa çatır. Yayın bu cırhacırında məsələyə soyuq başla nəzər salsaq, sözsüz ki, mövsüm ərzində maraqlı, yaddaqalan, tamaşaçı diqqətini cəlb edən teatr xəbərləri oldu. Amma ümumilikdə sənət hadisəsindən bəhs etməyə çətinlik çəkirik...
Mədəniyyət Nazirliyinin dəstəyi ilə bir sıra teatrlar xaricdə qastrollarda, festival və konfranslarda iştirak etdilər. Bundan başqa, nazirliyin təşkilatçılığı ilə teatrların regionlarda qastrolları bu mövsümdə də davam etdi. Həmçinin ölkə miqyasında bir sıra mədəniyyət layihələrində, bədii proqramlarda teatr kollektivləri də yer aldılar.
Bununla yanaşı, cari teatr mənzərəsində, repertuar tərtibindən təqdimatadək yenə pərakəndəlik özünü göstərdi. Buraya xüsusilə eyni əsərlərin fərqli teatrlarda qurulmasını aid edə bilərik.
Amma bütün bu və digər nüanslara rəğmən ölkədə fəaliyyət göstərən sənət ocaqları 151-ci teatr mövsümünü ümumən rəngarəng etməyə çalışdılar. Mövsümün yekunları, özəlliklə teatrların beynəlxalq festivallarda iştirakı və qastrolları barədə ayrıca yazımız olacaq. Hələliksə, pərdələrini bağlayan (və bağlamağa hazırlaşan) teatrlarla bağlı ümumi icmalı təqdim edirik.
***
Bildiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası əsaslı təmir-bərpa prosesindədir. Bu səbəbdən il ərzində teatr tamaşaçılarını fərqli məkanlarda qarşılayıb. Yəqin həm də bu səbəbdən sənət ocağı operasevərlərlə nisbətən erkən sağollaşıb. Mövsümün son tamaşası olaraq iyunun 20-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası (quruluşçu rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev) Opera studiyasında göstərilib.
Mövsümün sonunda Akademik Opera və Balet Teatrı adına çox əlamətdar hadisəni qeyd etməliyik. Teatrın balet truppası bu günlərdə Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə İtaliyanın Genuya şəhərində keçirilən “Nervi Rozza Music Ballet Festival”ında iştirak edir. Balet artistlərimiz nüfuzlu sənət bayramında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletini təqdim ediblər.
***
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümü iyunun 30-da başa vurub. Teatrda həmin gün Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası (quruluşçu rejissor Xalq artisti Azərpaşa Nemətov) oynanılıb.
Repertuarını yeni tamaşalarla zənginləşdirən Milli Dram Teatrı bu mövsüm beynəlxalq sənət əlaqələrini də inkişaf etdirib. O cümlədən 28–30 iyun tarixlərində II Rusiya Milli Teatrları Konqresində və Rusiya Milli Teatrlarının Birinci Yay Festivalında (Vladimir vilayətinin Suzdal şəhərində) təmsil olunub.
***
Cari mövsüm Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üçün də məhsuldar olub. Teatr təmsilçiləri 114-cü mövsümün sonunda da ənənəvi olaraq “Premeyeralar paradı” elan edib və bir neçə yeni səhnə işini tamaşaçı ilə görüşdürür.
Mövsümün son tamaşası isə 19 iyulda nümayiş olunacaq. Bu, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” (quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova) musiqili komediyasıdır.
***
Akademik Rus Dram Teatrı da artıq mövsümü başa vurub. Mövsüm ərzində bir premyera edən teatr xaricdən qonaq kollektivlər də qarşılayıb, özü də beynəlxalq sənət tədbirlərinə qatılıb. O cümlədən may ayında ilk dəfə “Melixovo baharı” Beynəlxalq Teatr Festivalında (Moskva vilayəti, A.P.Çexovun “Melixovo” muzey-qoruğu) iştirak edib.
Yaradıcı heyət tamaşaçıları ilə Georq Büxnerin eyniadlı pyesi əsasında ərsəyə gətirilən “Voysek” tamaşası ilə (quruluş: Xalq artisti Aleksandr Şarovski) iyunun 30-da sağollaşıb.
***
Yuğ Dövlət Teatrı üçün 35-ci mövsüm həm premyeralar, həm də səfərlər baxımından yaddaqalan olub. Teatr bu yaxınlarda (10-14 iyun) Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərində də iştirak edib. Kollektiv mövsümə iyulun 14-də Xalq yazıçısı Anarın “Asılqanda işləyən qadının hekayəti” əsəri əsasında hazırlanan “Asılqan” (quruluşçu rejissor Əbdülqəni Əliyev) tamaşasının nümayişi ilə yekun vuracaq.
***
Azərbaycan Dövlət Kukla Teatrında da mövsümün bağlanışı iyulun 14-nə nəzərdə tutulub. Həmin gün balaca tamaşaçılara teatrın bu mövsümdəki premyeralarından biri – Xanımana Əlibəylinin mənzum pyesi əsasında “Dovşanın ad günü” tamaşası (quruluşçu rejissoru Səidə Haqverdiyeva) təqdim ediləcək.
***
Azərbaycan Dövlət Pantomima Teatrı isə yubiley mövsümünü başa vurur. 30 yaşını qeyd edən kollektiv mövsümün son akkordunu iyulun 14-də V.Şekspirin “Romeo və Cülyetta” əsəri əsasında hazırlanan (quruluşçu rejissor Ceyhun Dadaşov) eyniadlı pantomima tamaşası ilə vuracaq.
***
Şuşa Dövlət Musiqili Dram Teatrı sadiq tamaşaçıları qarşısında cari mövsümdə son olaraq iyulun 19-da sonuncu premyeraları – Nəcəf bəy Vəzirovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Dağılan tifaq” (quruluşçu rejissor Əməkdar artist Yadigar Muradov) ilə çıxış edəcəklər.
***
Bakı Uşaq və Gənclər Teatrında mövsümə premyera ilə yekun vurulacaq. İyulun 15-də teatr təmsilçiləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Arvadım olun” tamaşasını (quruluşçu rejissor Elşən Zeynallı) göstərəcək. Fransız yazıçısı Raffi Şartın əsəri əsasında səhnələşdirilən tamaşa böyüklər üçün nəzərdə tutulub.
***
Paytaxtdan kənarda fəaliyyət göstərən teatrlar da mövsüm ərzində aktivlik nümayiş etdirməyə çalışıblar.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı mövsümünə iyulun 5-də Həsənəli Eyvazlının “Araz sahilində doğan günəş” əsəri əsasında hazırlanan eyniadlı tamaşa (quruluşçu rejissor Mir Qabil Əkbərov) ilə yekun vurub. Onu da qeyd edək ki, teatr bu tamaşa ilə muxtar respublikanın bütün rayon mərkəzlərində çıxış edib. Teatr bu mövsüm Türkiyədə qastrolda da olub.
***
Salyan Dövlət Kukla Teatrı təmsilçiləri iyulun 6-da 30-cu teatr mövsümlərini Xanımana Əlibəylinin “Dovşanın ad günü” pyesi əsasında hazırlanan eyniadlı tamaşa ilə (quruluşçu rejissor: Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova) bağlayıblar.
***
Gəncə Dövlət Kukla Teatrının kollektivi isə son nümayişlərini iyulun 10-una nəzərdə tutub. Teatrın son premyeralarından olan Korney Çukovskinin “Milçək Vizilçək” kukla tamaşası (quruluşçu rejissoru Zülfiyyə Əliyeva) göstəriləcək.
***
Qusar Dövlət Ləzgi Dram Teatrı sevimli tamaşaçıları ilə mövsümdə axırıncı görüşünü iyulun 17-nə təyin edib. Həmin gün Qusar şəhərindəki general Mahmud Əbilov adına meydanda Mirzəli Rüstəmovun “Yeni müdir” tamaşası (quruluşçu rejissor: Bağır Əhmədov) nümayiş olunacaq.
***
Qax Dövlət Kukla Teatrı yazıçı-dramaturq Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” nağılına verdiyi özünəməxsus quruluşunu iyulun 15-də təqdim edəcək. Xatırladaq ki, bu, Araz Mehrablının quruluş verdiyi tamaşanın premyera nümayişidir.
***
Füzuli Dövlət Dram Teatrı da mövsümə “Qarınqulu ayı balası” nağıl-tamaşası ilə yekun vuracaq. Quruluşçu rejissoru Emin Abışov olan tamaşanın nümayişi iyulun 13-nə nəzərdə tutulub.
***
Mövsüm sonuna hazırlaşan sənət ocaqlarından biri də Ağdam Dövlət Dram Teatrıdır. Yaradıcı heyət axırıncı tamaşasını iyulun 16-da göstərəcək. Həmin gün tamaşaçılara vətənpərvərlik mövzusunda “Mübariz” tamaşası təqdim olunacaq. Yerli müəllif Şahnaz Şahinin müəllifi olduğu pyesə teatrın baş rejissoru Kərim Həsənov quruluş verib.
***
Şəki Dövlət Dram Teatrı da ənənəsinə sadiq qalaraq mövsümünə premyera ilə yekun vuracaq. Özü də ölkə teatrları içərisində ən gec. Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur əsəri əsasında teatrın quruluşçu rejissoru Elvin Nuri tərəfindən səhnələşdirilən “Sən həmişə mənimləsən...” (“Boy çiçəyi”) tamaşası iyulun sonlarında nümayiş olunmalıdır. Onu da qeyd edək ki, tamaşa İlyas Əfəndiyevin 110 illik yubileyi münasibətilə hazırlanıb.
***
Qazax Dövlət Dram Teatrından da son xəbərimiz premyera ilə bağlıdır. Teatr Əli Əmirlinin “Onun iki qabırğası” komediyasına müraciət edərək, onu yeni səhnə yozumunda hazırlayıb. Birhissəli məişət komediyasına teatrın baş rejissoru Əməkdar artist Musa Eyyubov quruluş verib. Premyera iyulun 13-də olacaq və bununla da mövsümə yekun vurulacaq.
***
Lənkəran Dövlət Dram Teatrının “Cəmilə” romantik dramı isə iyulun 19-da son nümayiş kimi nəzərdə tutulub. Məşhur qırğız yazıçı Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru İmran Ali Qurbandır.
***
Sumqayıt Dövlət Dram Teatrı isə mövsümün sonu olaraq iyulun 16-da repertuarındakı “qocaman” səhnə nümunələrindən birini – “Ocaq” tamaşasını təqdim edəcək. Türkiyə yazıçısı Turqut Özakmanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.
Həmidə Rüstəmova