Bosniya və Herseqovinanın qərbindəki Srebrenitsa şəhərində və ətraf bölgələrdə 1995-ci ildə törədilmiş soyqırımında minlərlə dinc bosniyalının ölümünə görə məsuliyyət daşıyan serb millətçilərinin bu vaxtadək 4-ü ömürlük, 45-i isə müxtəlif illər üzrə həbs cəzasına məhkum edilib.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçi soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, həmçinin müharibə qanunları və ənənələrini pozmaqda təqsirkar bilib və o, soyqırımı və müharibə cinayətlərinə görə 2017-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.

Bosniya serbləri ordusunun lideri Radovan Karadziç isə Srebrenitsa soyqırımı da daxil olmaqla bir çox cinayətlərə görə 40 il, daha sonra keçirilən apellyasiya şikayətində ömürlük həbs cəzasına məhkum edilib. Keçmiş serb məmurları Lyubişa Beara və Vujadin Popoviç də ömürlük həbs cəzasına məhkum olunublar.

Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviç Srebrenitsadakı soyqırımına görə günahlandırılsa da, məhkəmə prosesi davam edərkən həbsxanada (2006) vəfat edib.

1995-ci ilin iyulunda Srebrenitsada bir neçə gün ərzində 8372 bosniyalı qətlə yetirilib, onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb. 2007-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib. BMT Baş Assambleyası isə bu il mayın 23-də keçirilən sessiyada iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edib.