Şəhərin adını üçgünlüyə dəyişdirəcəklər

 

Almaniyanın Gelzenkirxen (Gelsenkirchen) şəhərinin adı bu ay ora səfər edəcək amerikalı müğənni Teylor Sviftin şərəfinə müvəqqəti olaraq dəyişdiriləcək.

Məlumata görə, Gelzenkirxen şəhəri iyulun 17-dən 19-dək super ulduz Teylor Sviftin “Eras” dünya turu çərçivəsində üç konsertə ev sahibliyi edəcək. Müğənninin konsert günlərində Rur bölgəsindəki şəhərə “Sviftkirxen” adı veriləcək.

Qeyd olunub ki, ideya bir neçə həftə əvvəl petisiya yaradaraq şəhərə Sviftkirxen adının verilməsini təklif edən yerli məktəbli qıza məxsusdur. Şəhərin meri Karin Velge ideyanı dəstəkləyib və şəhərin adının müvəqqəti olaraq dəyişdiriləcəyini bildirib. Şəhərin mərkəzində yeni adı olan lövhənin quraşdırılacağı bildirilir. Superulduzun gəlişi ərəfəsində şəhərdə onun şərəfinə tramvay da işə salınıb. Konsertlərində yüz minlərlə tamaşaçı toplayan Teylor Sviftin Gelzenkirxenə gəlişi şəhərə böyük turist axını vəd edir.

Britaniyanın Viktoriya və Albert Muzeyində isə Teylor Sviftin London səfəri öncəsi onunla bağlı sərgi təşkil ediləcək. Muzeydə müğənninin şəxsi kolleksiyasından geyimlər, mükafatlar və uşaqlıq əşyaları nümayiş olunacaq. Sərgi iyulun 27-də açılacaq və giriş pulsuz olacaq.

Amerikalı müğənninin “Eras” dünya turu çərçivəsində Londonun “Uembli” stadionunda (Wembley Stadium) konsertləri isə 15-20 avqust tarixlərinə nəzərdə tutulub.