Olaylar, faktlar (10 – 12 iyul)
11 iyul Dünya Əhali Günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayının 5 milyardı keçməsi ilə bağlı təsis olunub. 1989-cu ildən BMT İnkişaf Proqramının tövsiyəsi ilə qeyd olunur.
300 il əvvəl...
12 iyul 1724-cü ildə Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü ilin 12 sentyabrında bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmiş, Cənubi Azərbaycanı öz əlində saxlamışdı. İstanbul müqaviləsi ilə Osmanlı dövləti də bu bölgünü qəbul edib.
103 il əvvəl...
11 iyul 1921-ci ildə Monqolustan dövlət müstəqilliyini elan edib. Bolşevik Rusiyasının hərbi köməyi ilə Çin hökmranlığına qarşı başlanan inqilab qələbə ilə nəticələnib, Monqolustanda xalq hakimiyyəti bərqərar olub. 1924-cü ildə Monqolustan Xalq Respublikasının yarandığı elan edildi. Monqolustan XVII əsrdə Çinin nəzarəti altına keçmişdi.
84 il əvvəl...
10 iyul 1940-cı ildə Fransada III Respublika süqut edib. Hitler Almaniyası ölkənin ərazisinin üçdə ikisini işğal edəndən sonra Vişi şəhərində toplaşan Fransa Milli Assambleyası səlahiyyətlərini yerə qoyub. Faşistlərin marionet lideri sayılan marşal Filipp Peten ölkənin formal rəhbəri təyin edilib.
51 il əvvəl...
10 iyul 1973-cü ildə Britaniyanın Vest-İndiadakı müstəmləkəsi olan Baham adaları (ərazisi 14 min kv.km) müstəqilliyini elan edib. 1492-ci ildə ispanlar tərəfindən kəşf edilən Baham adaları XVIII əsrin sonunda ingilislərin nəzarətinə keçmişdi. Hazırda Baham adaları dünyanın məşhur turizm və azad iqtisadi zonası hesab olunur.
34 il əvvəl...
11 iyul 1990-cı ildə erməni təxribat dəstəsi Tərtər-Kəlbəcər sərnişin avtobusunu partladıb, dinc insanları gülləbaran edib. Terror aktı nəticəsində 14 azərbaycanlı öldürülüb, 35 nəfər yaralanıb.
31 il əvvəl...
12 iyul 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Sonrakı illərdə Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakas və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Respublikası təşkilata üzv olub. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır.
29 il əvvəl...
11 iyul 1995-ci ildə keçmiş Yuqoslaviyanın süqutu nəticəsində meydana gələn müharibə gedişində Bosniyanın Srebrenitsa şəhərində müsəlman əhaliyə qarşı soyqırımı başlanıb. General Ratko Mladiçin başçılıq etdiyi serb qoşunları bir həftə ərzində şəhərdə 16 yaşdan yuxarı kişi əhalini – 8 mindən çox insanı qətlə yetirib. Qırğın bölgədəki BMT “sülhməramlı” kontingentinin gözü qarşısında baş verib.
Hazırladı: V.Orxan