Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən “Bir millət, iki dövlət” şüarı ilə hazırlanan “Azərbaycanın sirləri” kitabı nəşr olunub. Nəşrdə Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ Zəfəri, Azərbaycanın dərin tarixə malik mədəniyyəti əksini tapıb. Ön sözün müəllifi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.
Türkiyə Prezidenti nəşrdə Azərbaycanla bağlı fikirlərini belə ifadə edib: “Ana yurdu Ergenekonda dəmir dağını əridən Türkün əzmi Azərbaycanda 44 günlük Qarabağ Zəfəri ilə yenidən ortaya çıxaraq bəxtini bir daha dəyişdi. Ərazi bütövlüyünü uğurla bərqərar edən Azərbaycanın yaşadığı haqlı qürur və sevinci bütün türk xalqları paylaşır. Bu Qələbə Zəngəzur dəhlizi vasitəsilə türk dövlətlərinin coğrafi bütövlüyü və qardaşlığını daha da gücləndirmək imkanı, regionda və bütün dünyada sülhün təminatı olmaq fürsətini yaradıb. Çünki güclü Türk birliyi bəşəriyyətə sülhün dayağıdır. Bir ağacın budaqları kimi türk ölkələrinin mədəni qardaşlığı ortaq bir qovluqla Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş çoxsaylı miraslarımızda da əks olunur...”.
Qeyd olunur ki, eyni dildə danışan, tarixi, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailənin üzvləri olaraq inanırıq ki, əldə etdiyimiz hər uğur, çatdığımız hər məqsəddə təkcə Türkiyənin deyil, bütün türk dövlətlərinin bayrağını dalğalandırırıq. Qolunda Türkiyə bayrağı ilə yanaşı, qardaş Azərbaycanın bayrağını da kosmosun ürəyinə aparan türk astronavtımızda da bu anlayışın dərin izini gördük.
Altı fəsildən ibarət kitabda ölkələrimiz arasındakı qardaşlığın tarixi kökləri, “Bir millət, iki dövlət” şüarı, ölkələrimizin ortaq baxışı, fəaliyyəti və müqavilələri, Qarabağ Zəfəri, Şuşa Bəyannaməsi (2021), Ortaq Media Platformasının yaradılması, Azərbaycanın milli bayramları, mətbəxi, xalçaçılıq, simli alətlər, ipəkçilik kimi mədəniyyət nümunələri, tarixi abidələri və s. mövzularda məqalələr yer alıb. Azərbaycanın şanlı Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsi xüsusi hazırlanmış infoqrafiklə təqdim edilib.
Azərbaycan, türk və ingilis dillərində nəşr edilən kitabda hər mövzuya dair fotoşəkillər verilib.