Fransada iyulun 7-də keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası qalib gəlib. Fransa Milli Assambleyasında (parlamentin aşağı palatası) solçuların 180 yer alacağı gözlənilir. Bu, ötən seçkilərə nisbətən 49 yer çoxdur.

Prezident Emmanuel Makronun dəstəklədiyi “Birlikdə” koalisiyasının 159 deputat mandatı (ötən seçkilərə nisbətən 86 yer az), üçüncü yeri tutan radikal sağ təmayüllü “Milli Birlik” partiyasının (lider Marin Le Pen) isə 142 mandat (ötən seçkilərə nisbətən 53 yer çox) qazandığı bildirilir.

Beləliklə, seçki kampaniyası boyunca sağ qüvvələr öndə görünsə də, nəticə fərqli olub. Qeyd edək ki, iyunun 30-da keçirilən seçkilərin birinci turunda “Milli Birlik” Partiyası Respublikaçılar Partiyasından olan müttəfiqləri ilə birlikdə 33 faiz səs toplamışdı. Həmin nəticə onlara parlamentdə təxminən 270 yer vəd edirdi. 577 yerlik Milli Assambleyada çoxluq üçün ən azı 289 mandat lazımdır. İndilik isə millətçi qüvvələr üçüncü yerlə kifayətlənməli olurlar.

Seçkilərin ən çox itirən tərəfi isə Makronun koalisiyasıdır. Prezident növbədənkənar seçkilərə getməklə sarsılmış siyasi müvazinətini (xüsusilə Avropa Parlamentinə seçkilərdə sağ qüvvələrin qələbəsindən sonra) düzəltmək istəyirdi. Sol blokun lideri Jan-Luk Melanşon Emmanuel Makronu seçkilərdə məğlubiyyətini etiraf etməyə və yeni hökumət kabinetini qurmaq vəzifəsini onlara verməyə çağırıb. Baş nazir Qabriel Attal istefa versə də, Makron onu qəbul etməyib.

Ümumilikdə isə bu seçkilərdən sonra Fransanın daha dərin siyasi böhrana yuvarlanacağı əksər müşahidəçilərin qənaətidir. Çünki sol, sağ və mərkəz koalisiyanın təkbaşına hökumət qurmaq imkanı yoxdur.

Seçkilərin bir diqqətçəkən faktı isə Fransanın dənizaşırı ərazisi sayılan Yeni Kaledoniyadan uzun illər sonra müstəqillik tərəfdarının Milli Assambleyada mandat qazanmasıdır. Yeni Kaledoniya (222 mindən çox seçici) Fransa parlamentində iki yerə malikdir. İlkin nəticələrə görə, 1989-cu ildə öldürülən Kanak lideri Jan-Mari Tjibaounun oğlu Emmanuel Tjibaou 1986-cı ildən bəri Milli Assambleyada mandat qazanan ilk müstəqillik tərəfdarı olub.

Xatırladaq ki, bundan öncə Yeni Kaledoniyada həftələrlə sürən iğtişaşları nəzərə alan Makron mübahisəli seçki islahatları planının dayandırıldığını elan etmişdi. Seçki qaydalarına dəyişikliklər qəbul edilsəydi, ən azı 10 il adada yaşayan Fransa vətəndaşları yerli seçkilərdə səs verə bilərdi. Arxipelaqın sakinləri isə bunun yerli Kanak əhalisinin səsini azaldacağından narahatdır.