Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Şirvanda kino günləri” layihəsi keçirilir.
Layihənin növbəti ünvanı Neftçala rayonu olub. İyulun 5-də rayondakı Heydər Əliyev Mərkəzinin kino zalında filmlər nümayiş etdirilib.
Günün birinci yarısında kinosevərlər Qulu Əsgərovun “Mən burdayam, İlahi!” tammetrajlı bədii filmini izləyiblər. Daha sonra Elvin Aşırovun “Gülyetərin qayıdışı”, İntiqam Hacılının “İlkin şəhid” qısametrajlı sənədli, Qulu Əsgərovun “Hasar” və Amil Amalın “Titrəmə” qısametrajlı bədii filmləri göstərilib.
Nümayişdən sonra tamaşaçılar filmlər haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, iyul ayının birinci yarısınadək davam edəcək layihə üzrə Şirvan şəhəri, Salyan və Hacıqabul rayonlarında da adıçəkilən filmlərin nümayişi təşkil olunacaq.