Prezident İlham Əliyevin iyulun 5-də Şuşa şəhərində açılışını etdiyi obyektlərlə tanışlıq məqsədilə media nümayəndələri üçün infotur təşkil olunub.

Media mənsubları bərpadan sonra açılışı olan Aşağı Gövhər ağa məscidini də ziyarət ediblər. Məlumat verilib ki, XIX əsrdə memar Səfixan Qarabağinin layihəsi əsasında ərsəyə gələn məscid İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa edilmiş məscidlərdən birincisidir.

Aşağı Gövhər ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Məscidi daha uca və cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirib. Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.

2021-ci ilin dekabrında başlanan bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə aparılıb. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunub.