Daşınmaz mədəni sərvət üzrə Ekspert şurasının iclası keçirilib

 

İyulun 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının həyata keçirilmiş işlərə və qarşıda duran vəzifələrə həsr olunan növbəti iclası keçirilib.

Ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək şura tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.

İclasda çıxış edən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva abidələrin qiymətləndirilməsi ilə bağlı mövcud çətinliklər və qarşıda duran məsələlər haqqında danışıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsi Abidələrin qorunmasına nəzarət sektorunun müdiri Pərviz Nəcəfov bildirib ki, I mərhələdə Bakı şəhəri üzrə 6 və işğaldan azad edilmiş ərazilər üzrə 51 obyekt, II mərhələdə Binəqədi rayonu üzrə 13 dövlət qeydiyyatında olan abidə və 12 tarix-memarlıq əhəmiyyətli tikili, III mərhələdə isə Memarlar İttifaqının Səbail rayonu üzrə təklif etdiyi 63 tikili – ümumilikdə 145 obyekt baxılması üçün Ekspert şurasına təqdim olunub.

Qeyd edilib ki, I mərhələdə Bakı şəhəri və işğaldan azad edilmiş ərazilər üzrə obyektlərlə bağlı şura üzvləri tərəfindən verilən təkliflər ümumiləşdirilərək Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndərilib. AMEA tərəfindən 48 obyektin siyahıya daxil edilməsinə müsbət rəy verilib. Bu obyektlərin abidələr siyahısına daxil edilməsi üçün qərar layihəsi hazırlanıb və razılaşdırılması üçün müvafiq qurumlara göndəriləcək.

II mərhələdə Binəqədi rayonu üzrə dövlət qeydiyyatında olan 9 abidənin adı, tarixi və ünvanlarında dəqiqləşdirmə aparılaraq siyahıda düzəliş olunması təklif edilib. 12 tarix-memarlıq əhəmiyyətli tikiliyə dair məlumatlar hazırlanaraq şura üzvləri tərəfindən baxılıb. 8 obyektin abidələr siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunub.

III mərhələdə isə Səbail rayonu üzrə 63 binaya dair hazırlanmış materiallara şura üzvləri tərəfindən baxış olub. Onlardan 49-unun abidələr siyahısına daxil edilməsi məqsədəuyğun sayılıb. Hər iki mərhələdə şura üzvləri tərəfindən verilən təkliflər əsasında AMEA-ya məktub hazırlanıb.

Sonda şura üzvlərinin həyata keçirilən işlərlə bağlı irad və təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Ekspert şurası “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub.

Ekspert şurasında Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur.

Nurəddin