Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkənin Konya bölgəsi üzrə Mədəniyyət və Turizm müdiri Mehmet Yündenlə görüşüb.

Mərkəzdən verilən məlumata əsasən, görüşdə Konya şəhəri ilə Azərbaycanın bölgələri arasında əməkdaşlıq, Konyada Azərbaycan mədəniyyətinə dair tanıtım layihələrinin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Bu ilin payız aylarında Konyada “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi” tədbirlərinin, Konya Selcuq Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə beynəlxalq konfransın təşkili, miniatür müsabiqəsi və sərgisinin keçirilməsi, eləcə də digər birgə layihələr nəzərdə tutulur.

Mərkəzin direktoru Samir Abbasov Konyada Mövlana Muzeyinin müdiri Naci Bakırcı ilə də görüşüb.

Mövlana Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığı, muzeyin əlyazmalara dair kitabxanasında saxlanılan Azərbaycana aid qiymətli əsərlərdən söz açılıb, gələcəkdə bu unikal əlyazmalarla bağlı araşdırmaların aparılması, onların kataloqunun hazırlanması razılaşdırılıb.

Konyada keçiriləcək “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi” tədbirləri çərçivəsində sözügedən qədim və nadir əlyazmaların muzeydə sərgisinin açılmasına dair razılıq əldə edilib.

Sonra Mövlana Muzey Kompleksinə baxış keçirilib. Naci Bakırcı muzey kompleksində aparılmış yenidənqurma işi haqqında məlumat verib, Türkiyənin restavrasiya sahəsində qabaqcıl təcrübəsinin Azərbaycanla bölüşülməsi və bu sahədə əməkdaşlıq müzakirə olunub. Naci Bakırcı muzey kompleksini ildə 4 milyondan artıq turistin ziyarət etdiyini vurğulayaraq burada görülən işlər və guşələri təqdim edib.

Mövlana Muzeyinin qədim və nadir nüsxəsi sayılan, daimi sərgidə nümayiş etdirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Osmanlı dövrünə aid xüsusi işləmələrlə hazırlanmış “Hədiqətüs-süəda” əsərinə baxış keçirilib.