“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən zirvə görüşü rəmzi məna daşıyır”

 

Xəbər verdiyimiz kimi, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Prezident İlham Əliyev iştirakçıları salamlayıb və TDT-nin ildə bir dəfə qeyri-rəsmi sammitinin keçirilməsi ilə bağlı ölkəmizin təşəbbüsünü dəstəkləyərək Şuşa şəhərinə gəldiklərinə görə onlara təşəkkür edib.

Prezident vurğulayıb ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib.

 

TDT dünya miqyasında güc mərkəzinə çevrilməlidir

 

Dövlətimizin başçısı qeyd edib ki, TDT dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

2023-cü il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu zirvə görüşünün rəmzi məna daşıdığını deyən  İlham Əliyev bildirib ki, Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub.

Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayıb, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşayıb və buna nail olub.

Diqqətə çatdırılıb ki, 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunub. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.

Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci ildə (15 iyun – red.) Şuşada imzalandığını xatırladan İlham Əliyev “Bu gün Qarabağ Bəyannaməsi də Şuşada imzalanacaq”, – deyə əlavə edib.

Qeyd edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

 

Qardaşlıq həmrəyliyinin təzahürü

 

Azərbaycan Prezidenti daha sonra deyib: “Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm”.

Dövlətimizin başçısı bildirib ki, TDT-nin cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon dollar məbləğində vəsait köçürüb.

Diqqətə çatdırılıb ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tonadək artırılıb. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır.

Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.

Bu ilin noyabrında Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcəyini deyən Prezident İlham Əliyev TDT-də təmsil olunan ölkələrin rəhbərlərini bir daha COP29-a dəvət edib: “COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək”.

Prezident çıxışının sonunda əmin olduğunu bildirib ki, Şuşada imzalanacaq Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, TDT-nin beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

***

Sonra digər dövlət və hökumət başçıları çıxış ediblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında belə bir görüşün Türk dünyasının mədəniyyət paytaxtlarından biri olan Şuşada keçirilməsinin dərin mənası olduğunu xüsusi vurğulayıb: “Gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. XX əsrin böyük siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır. Hazırda tarixi ədalətin bərpa olunduğu bir zamanda və Azərbaycanın azad etdiyi Qarabağda hörmətli İlham Əliyevin rəhbərliyi ilə aparılan nəhəng quruculuq işlərinin, memarlıq və mədəni abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin əyani şahidi oluruq. Sizin kimi dəyərli qardaşımızın belə möhtəşəm işləri yaxın dostlarınız olaraq bizləri sonsuz dərəcə sevindirir və qürurlandırır. Birgə səylərimiz və xüsusi marağımızla bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağın gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcəyinə inanıram”.

***

Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalanıb.

Daha sonra Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub.

Sonda Şuşa qalasının fonunda xatirə fotosu çəkdirilib.

***

Qarabağ Bəyannaməsinin preambulasında regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu, sivilizasiyaların inkişafında tarix boyu oynadığı rol, eləcə də siyasi, iqtisadi və bəşəri nailiyyətləri vurğulanır.

2023-cü il noyabrın 3-də “TürkTime” şüarı altında keçirilmiş TDT-nin Astana Zirvə görüşünün əhəmiyyəti və Qazaxıstan Respublikasının təşkilata sədrliyi qeyd edilir, eləcə də TDT-nin yaradılmasına dair Naxçıvan Sazişinə (2009) uyğun olaraq, Dövlət Başçıları Şurasının (DBŞ) müntəzəm görüşləri ilə yanaşı, ildə bir dəfə DBŞ-nin qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təklifi alqışlanır.

Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyəti, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğu bəyan edilir.

Qeyd edək ki, 31 bənddən ibarət Qarabağ Bəyannaməsində Türk dünyasının gələcək inkişafı, eləcə də TDT-nin möhkəmləndirilməsi ilə bağlı mühüm istiqamətlər əksini tapıb.

Sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi bir daha vurğulanır.

TDT ölkələrinin mövcud imkanlarından və infrastrukturundan istifadə etməklə Avropa ilə Asiya arasında yeni telekommunikasiya magistral marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsinin fəal yerinə yetirilməsi alqışlanır.

Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) və Türk İnvestisiya Fondu (TİF) kimi türk əməkdaşlıq təşkilatları arasında davamlı əməkdaşlıq təqdir edilir.

Bəyannamədə Türk dünyasının nizamnaməsi ilə bağlı Özbəkistan Respublikasının təşəbbüsü dəstəklənib və Katibliyə Bişkekdə keçiriləcək növbəti Zirvə görüşündə qəbul edilməsi üçün sənəd layihəsinin yekunlaşdırılması tapşırığı verilib.

Qeyd edək ki, TDT-nin 11-ci Zirvə görüşü 2024-cü il oktyabrın 24-də Bişkekdə keçiriləcək və təşkilata yeni dönəm sədrlik Qazaxıstandan Qırğız Respublikasına keçəcək.