Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Bulaq Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Yerli əhalinin bu hidronim haqqında məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə aşkar etmiş İsa adlı əkinçinin adını daşıyır.
Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.
Prezident İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, istirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.
Şuşanın yenidən qurulan, bərpa olunan digər görməli-gəzməli yerləri kimi, “İsa bulağı” da bundan sonra şəhər sakinləri və qonaqlarının sevimli məkanı olacaq.