Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə İtaliyanın Genuya şəhərində keçirilən “Nervi Rozza Music Ballet Festival”da iştirak edir.

Kollektiv 69-cu dəfə keçirilən ənənəvi sənət bayramında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletini açıq səma altında, möhtəşəm səhnədə böyük tamaşaçı kütləsi qarşısında təqdim edib.

İyulun 6-da nümayiş olunan tamaşada əsas rollarda teatrın aparıcı solistləri – Ayan Eyvazova, İlya Manayenkov, Makar Ferştandt, Dinara Məmmədova çıxış ediblər.

Azərbaycan klassik balet tarixi, ümumiyyətlə, Azərbaycan mədəniyyəti üçün əlamətdar hadisəni seyr edənlər arasında Genuya şəhərinin meri Karlo Bucci, regionun mədəniyyət kuratoru Cesika Nikkolini, Genuya Opera Teatrının baş direktoru Kladuio Orazi, həmin teatrın bədii rəhbəri Pierancelo Konte və digər mötəbər qonaqlar yer alıblar.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının İtaliyada növbəti çıxışı avqust ayında Verona şəhərində – “Arena de Verona” səhnəsində olacaq. Kollektiv bu dəfə də “Məhəbbət əfsanəsi” baletini təqdim edəcək.

Gülcahan