Təşkilat Komitəsinin iclası olub

 

İyulun 8-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29-a hazırlıq prosesinin Prezident İlham Əliyevin daimi nəzarəti altında olduğunu qeyd edib.

Bildirib ki, Prezident İlham Əliyev iyulun 4-də keçirilmiş “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında tədbirdə və iyulun 6-da Şuşada təşkil edilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Şuşa Zirvə görüşündə qəbul olunmuş “Qarabağ Bəyannaməsi”ndə qardaş türk dövlətləri COP29-da real nəticələrin əldə edilməsi istiqamətində Azərbaycanın ardıcıl səylərini dəstəkləyiblər.

Samir Nuriyev Prezident İlham Əliyevin Liderlər Sammitinə dəvətinə cavab olaraq tədbirdə iştirak edəcək dövlət və hökumət başçılarının sayının artdığını bildirib. Sammitə böyük marağın ölkəmizə hörmətin, Azərbaycanın nəhəng beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək qabiliyyətinə inamın və yaşıl keçidlə bağlı qəti siyasi iradəsinə etimadın göstəricisi olduğu vurğulanıb.

O da diqqətə çatdırılıb ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni müvafiq dövlət qurumlarının rəyləri nəzərə alınmaqla yaxın zamanlarda hazır olacaq.

Təşkilat Komitəsinin sədri 2024-cü il iyunun 3-13-də keçirilmiş Bonn iqlim konfransından sonra Azərbaycanın COP29 sədrliyinin aktiv mərhələsinə qədəm qoyduğunu qeyd edib.

Azərbaycanın COP29 prioritetləri barədə danışan Samir Nuriyev bildirib ki, müxtəlif dövlət qurumlarının təklifləri əsasında, eləcə də BMT və digər beynəlxalq qurumlarla intensiv müzakirələr nəticəsində 14 təşəbbüsdən ibarət ilkin təkliflər siyahısı hazırlanır. BMT ilə razılaşdırmaqla COP29-un tematik günlərinin bölgüsü aparılıb. Bir sıra nüfuzlu əcnəbi şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsinin yaradılması istiqamətində işlər də yekunlaşmaqdadır.

Sonra ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək COP29-la bağlı ümumi gedişat, Bonn iqlim konfransının nəticələri, COP29 komandasının xarici səfərləri barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov COP29-a hazırlıq çərçivəsində təşkilati-logistika sahəsində aparılan fəaliyyət, o cümlədən Bakı Olimpiya Stadionunda infrastrukturun qurulması üzrə başlanmış işlər barədə danışıb.

Xarici işlər naziri Ceyhun Bayramov ümumi substantiv məsələlər, Bonn iqlim konfransında yeni iqlim maliyyəsi hədəfi üzrə aparılmış danışıqlar, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, təşəbbüslər barədə çıxış edib.

Prezidentin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kommunikasiya məsələləri, o cümlədən xarici media ilə aparılan işlər barədə danışıb.

Digər çıxış edənlər də müvafiq sahələr üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.

Sonda COP29 Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.