Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
Ənənəvi olaraq, jurnalın yeni nömrəsi baş redaktor Musa Mərcanlının məqaləsi ilə açılır. Müəllif qeyd edir ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsindən sonra Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranıb və bunun əsas təzahürü ölkəmizin regional və beynəlxalq miqyasda mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsidir. Bu dəyişikliklər heç də hamıya sərfəli deyil və buna görə də regionda geosiyasi qarşıdurmanın artmasına səbəb olub. Qarşıdurmanın təzahürlərindən biri Ermənistanda daxili siyasi sabitliyin pozulması və ruhanilərin başçılıq etdiyi revanşist qrupların ortaya çıxmasıdır. Bu, Ermənistanın ictimai-siyasi həyatında kilsənin rolunu önə çıxaran amilə çevrilir.
“İrs-Nasledie” jurnalının budəfəki nömrəsində erməni Qriqorian kilsəsinin erməni xalqının tarixindəki roluna həsr olunmuş silsilədən ilk məqalə təqdim edilir. Bu yazıda guya Ermənistanın tarixdə ilk xristian dövləti olması, ermənilərin Tanrı tərəfindən seçilməsi, onların digər xalqlar üzərində müəyyən üstünlüyünə haqq qazandırmaq üçün nəzərdə tutulmuş kilsə ənənəsinə və eyni zamanda, qonşu dövlətlərə qarşı ərazi iddialarına əsaslanan saxta tezislər ifşa olunur.
Jurnalın yeni nömrəsində bu mövzuya həsr olunmuş digər məqalədə ermənilər tərəfindən tarixi və mədəni dəyərlərin məhv edilməsi və ya saxtalaşdırılması problemindən bəhs edilir, başlıca olaraq, Azərbaycan xalqının irsi ilə bağlı epiqrafik abidələrin təsviri təqdim olunur. Yazıda diqqətə çatdırılır ki, bu praktika ötən əsrin 20-ci illərində sovetləşmə prosesindən dərhal sonra Ermənistanda sistemli və planlı xarakter alıb və əsrlər boyu bu torpaqlarda yaşayan azərbaycanlıların varlığının qədim izlərini məhv etmək məqsədi daşıyıb. Müəllif dağıdılmış qəbiristanlıqlar, saxtalaşdırılan tarixi faktlar və məhv edilən dini abidələr - məscidlər, türbələr, karvansaralar haqqında konkret misallar təqdim edir. O vurğulayır ki, bu mövzu iki ölkə arasında tam barışıq üçün mühüm şərt kimi son vaxtlar gündəmə gətirilən deportasiya edilmiş azərbaycanlıların Ermənistana qayıtması problemi baxımından da aktualdır.
“İrs-Nasledie” jurnalının növbəti nömrəsində digər materiallarla yanaşı, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan jurnalistikasının başlanğıcında dayanan qadın pedaqoqlara həsr olunmuş silsilədən ikinci məqaləni xüsusi qeyd etmək lazımdır. Bu yazıda Şəfiqə Əfəndizadə və Xədicə Əlibəyovanın ictimai fəaliyyətləri, onların qadınların bərabər hüquqları mövzusunda mətbuatda çıxışları, Azərbaycan qadınlarının maarifləndirilməsində xidmətləri barədə məlumat verilir. Bu maarifçilərin fəaliyyətinin əhəmiyyəti həmin tarixi dövrdə cəmiyyətdə qadının yeri ilə bağlı mühafizəkar, patriarxal baxışların hələ də hökm sürdüyü bir şəraitdə daha böyük dərəcədə nəzər çarpırdı.
Azərbaycanlıların hamam mədəniyyəti və monqol hakimiyyəti dövründə Azərbaycanda şəhərlərin inkişafı tarixindən bəhs edən məqalələr də etnoqrafiya və tarix həvəskarlarının diqqətini cəlb edəcək.
Ümumiyyətlə, jurnalın yeni nömrəsində də ənənəyə sadiq qalınıb, Azərbaycan xalqının tarixi və mədəniyyəti haqqında geniş məlumatlar yer alıb ki, bu da ölkəmiz haqqında biliklərini artırmaq istəyən hər kəs üçün faydalı olacaq.