Milli Kitabxananın dövri mətbuat arxivindən (20)
Yay teatrlarda sənət mövsümünün tədricən yekunlaşdığı, qaynar yaradıcılıq axtarışlarının nisbətən səngidiyi, sənət adamlarının qarşıdakı mövsüm ərəfəsində müəyyən dincəlməyə ehtiyac duyduğu vaxtdır. Xüsusən, iyul ayından etibarən teatrlar pərdələrini bağlayır, truppalar ya qastrola, ya da eləcə istirahətə yollanır.
57 il əvvəl bu günlərdə də Rusiyanın Şimali Osetiya Muxtar Respublikasından teatr truppası Bakıya qastrola gəlmişdi. Özü də az qala repertuarındakı bütün tamaşalarla... Paytaxtda peşəkar teatrlardan geri qalmaq istəməyən həvəskar heyətlər, xalq teatrları da yaradıcılıq axtarışında idi, sıraları genişlənirdi...
Mətbuat xronikasından seçmələrimiz bu barədədir. Öncəki seçmələrdə olduğu kimi, yazılarda dövrün orfoqrafiyası da saxlanılıb...
Tamaşaçıların alqışları
Orconikidze (indiki Vladiqafqaz – red.) şəhərinin respublika rus dram teatrı Bakıda öz qastrollarını başa çatdırmışdır. Şimali Osetiya artistləri respublikamızda olarkən Azərbaycan tamaşaçılarını səkkiz yeni əsərlə, o cümlədən A.Arbuzovun “Mənim yazıq Maratım” və V.Rozovun “Ənənəvi toplanış” pyeslərinin ilk tamaşaları ilə tanış etmişlər. Onlar 60-dan artıq tamaşa göstərmişlər. Bu tamaşalara 30 mindən artıq adam baxmışdır. Şimali Osetiya nümayəndələri respublikamızın neftçiləri, kimyaçıları, mədəniyyət və səhiyyə xadimləri ilə, döyüşçülərlə görüşmüşlər.
İyulun 16-da qonaqlar yekun tamaşası vermişlər. V.Rozovun “Ənənəvi toplanış” pyesi göstərilmişdir. Tamaşa başlanmazdan əvvəl bakılılar qonaqları səmimi salamlamışlar. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi Z.Z.Şükürova Bakı və Sumqayıt zəhmətkeşlərinə nümunəvi mədəni xidmət göstərdiklərinə görə teatrın respublika Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında fərmanı oxumuşdur. Z.Şükürova yoldaş fərmanı təqdim edərkən qastrolların müvəffəqiyyətlə başa çatdırılması münasibəti ilə artistləri Azərbaycan KP MK, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti və respublikanın Nazirlər Soveti adından səmimi təbrik etmişdir.
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru, respublikanın əməkdar incəsənət xadimi Əliheydər Ələkbərov Şimali Osetiyanın nümayəndələrinə yeni yaradıcılıq müvəffəqiyyətləri arzulamışdır.
Orconikidze teatrının direktoru Y.S.Volodskaya cavab nitqində fərman üçün səmimi təşəkkür edib bildirmişdir ki, Şimali Osetiya artistləri Azərbaycanın tələbkar tamaşaçıları ilə görüşlər haqqında ən səmimi xatirələrlə gedirlər.
Yeni xalq teatrı
M.Ə.Sabir adına Balaxanı mədəniyyət evinin Azərbaycan dram kollektivi qəsəbə zəhmətkeşlərinin böyük hörmətini qazanmışdır. 1908-ci ildə yaradılmış bu kollektivin repertuarına “O olmasın, bu olsun”, “Aydın”, “Solğun çiçəklər”, “Bəxtsiz cavan” və digər əsərlər daxildir. Həvəskar artistlər tez-tez Bakının müxtəlif sənaye müəssisələrinin zəhmətkeşləri qarşısında çıxış edir, onlara nümunəvi mədəni xidmət göstərirlər.
Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsi mədəniyyət evi dram kollektivinin bu gözəl və səmərəli fəaliyyətini nəzərə alaraq ona Xalq Teatrı fəxri adı vermişdir.
“Kommunist” qəzeti, 18 iyul 1967-ci il