Olaylar, faktlar (13 – 16 iyul)
235 il əvvəl...
14 iyul 1789-cu ildə Fransada inqilab baş verib. Üsyançı kütlələr Parisdəki Bastiliya qalasını ələ keçirib. XIV əsrdə inşa edilən Bastiliya Fransada mütləqiyyətin simvolu sayılırdı. Bir il sonra qala uçuruldu. Bastiliyanın alınması ilə başlanan inqilabi sarsıntılar bütün Avropada rezonans doğurdu. 14 iyul Fransanın milli bayramı kimi qeyd olunur.
220 il əvvəl...
16 iyul 1804-cü ildə Birinci Rusiya-İran müharibəsi (1804–1813) başlanıb. Müharibənin ilkin nəticəsi olaraq imzalanan Kürəkçay müqavilələrinə (14 və 21 may 1805-ci il) əsasən, Azərbaycanın Qarabağ və Şəki xanlıqları Rusiyaya ilhaq edilib.
183 il əvvəl...
15 iyul 1841-ci ildə Londonda İstanbul boğazları (Aralıq və Qara dənizləri birləşdirən Bosfor və Çanaqqala (Dardanel) boğazları) haqqında konvensiya imzalanıb. Osmanlı imperiyası, Britaniya, Fransa, Rusiya, Prussiya və Avstriya arasında imzalanan sənədə əsasən, boğazlardan xarici gəmilərin keçməsinə icazəni ancaq Osmanlı dövləti verə bilərdi.
106 il əvvəl...
15 iyul 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci ilin martında daşnak-bolşevik dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb.
55 il əvvəl...
14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda təşkilati məsələyə baxılıb. KP MK-nın I katibi Vəli Axundovun istefası qəbul olunub. Plenum yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyevi Azərbaycan KP MK-nın I katibi seçib. Bu, Azərbaycanın yeni tarixində güclü lider kimi müstəsna yer tutacaq şəxsiyyətin böyük siyasətə və hakimiyyətə gəlişi idi.
26 il əvvəl...
14 iyul 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılıb. Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Hakimlər Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Milli Məclis tərəfindən 15 il müddətinə təyin olunurlar. Məhkəmənin sədri və sədr müavini Prezident tərəfindən təyin edilir. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz.
18 il əvvəl...
13 iyul 2006-cı ildə Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri iştirak ediblər. İnşası 2002-ci ildə başlanan kəmərin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəqletmə gücü 1 milyon bareldir.
Hazırladı: V.Orxan