ICESCO Qərbin “Quran”a münasibəti ilə bağlı seminar keçirib

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) mənzil qərargahının yerləşdiyi Rabat şəhərində (Mərakeş) “Qərb və “Quran”: Gələcəyə doğru rasional yanaşma” mövzusunda ilk beynəlxalq seminar keçirib. Seminar Almaniya Dialoq və Anlaşma İnstitutu ilə birgə təşkil edilib.

ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin rəhbəri, səfir Xalid Fətəhəlrəhman seminarın mövzusunun dünya müsəlmanları üçün əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tədbirin müxtəlif sessiyalarında ərəb və islamşünaslıq, eləcə də dinlərarası dialoq üzrə eksper və alimlər qrupunun zəngin töhfələri olacaq.

ICESCO-nun baş direktoru Salim əl-Malik çıxışında “Quran”ın insana olan dərin təsirini vurğulayaraq, onu başqalarına münasibətin formalaşmasında ən təsirli kitab kimi xarakterizə edib. Bildirib ki, Qərb sivilizasiyası irsinin və onun qlobal insan münasibətlərindəki təzahürlərinin “Quran”la münasibətlərdə xüsusiyyətləri də seminarın müzakirə dairəsinə daxildir.

Baş direktor, həmçinin “Qurani-Kərim”ə qarşı böhtan kampaniyaları əleyhinə rasional yanaşmanın ən optimal yol olduğunu vurğulayıb. O əlavə edib ki, bu yanaşma müqəddəs dəyərlərə hörmətdən və ifadə azadlığı prinsiplərini qoruyub saxlamaqla başqalarının hüquqlarını təmin etməkdən ibarətdir.