“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Mətbuat Şurasının “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı elan etdiyi media müsabiqəsinə yekun vurulub. İyulun 10-da qaliblərin mükafatlandırılması mərasimi olub.
Hazırda Azərbaycan Dəmiryol Muzeyinin yerləşdiyi tarixi Sabunçu vağzalında keçirilən tədbirdə ADY sədrinin müşaviri Aysel Soltanova çıxış edərək müsabiqənin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulayıb. ADY rəsmisi media nümayəndələrini qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edib, media ilə əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayıb: “Müsabiqəyə təqdim olunan araşdırma materialları Azərbaycanın “yaşıl təşəbbüsləri”ni və gələcək planlarını nümayiş etdirir. Azərbaycan Dəmir Yolları olaraq daha dayanıqlı ətraf mühit üçün sizin araşdırmalarınızda qeyd olunan təşəbbüsləri dəstəkləyirik”.
Mətbuat Şurasının sədri Rəşad Məcid jurnalistlərin analitik yazı, videoreportaj və məqalələrin hazırlanması üzrə bacarıqlarını əks etdirən müsabiqənin əhəmiyyətini vurğulayıb. Şuranın ADY ilə bu yöndə əməkdaşlığının əsasının ötən il qoyulduğunu diqqətə çatdıran R.Məcid həm dəmir yolu nəqliyyatı ilə bağlı fəaliyyətin ictimaiyyətə dolğun çatdırılması, həm də sahə ilə bağlı media peşəkarlığının artırılması baxımından belə müsabiqələrin davamlı olmasını arzu edib.
Münsiflər heyətinin üzvlərindən professor Qulu Məhərrəmli və MEDİA-nın Müşahidə Şurasının üzvü, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva müsabiqəyə daxil olan yazılarla bağlı fikir və qeydlərini bölüşüblər.
Qeyd edək ki, müsabiqəyə 1 iyun – 1 iyul 2024-cü il tarixlərində kütləvi informasiya vasitələrindən (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV) dörd istiqamət üzrə 41 iş təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 12 nəfər əsas (hər istiqamət üzrə 1-ci, 2-ci, 3-cü yerlər), 15 nəfər həvəsləndirici mükafata layiq görülüb.
Mükafatçılar arasında “Mədəniyyət” qəzeti də təmsil olunur.