İyulun 9-da Azərbaycan Dövlət Kukla Teatrında Əməkdar artist, bəstəkar və ifaçı Elza Seyidcahanın 55 illiyinə həsr olunmuş “Elza və kuklalar” adlı tədbir keçirildi.
Tədbir teatrın foyesində bəstəkarın fortepianoda süitalarını ifası ilə başladı. Bu qısa performansda ona sənət dostları – kamera kvarteti və bacısı Rasimə də dəstək verdi.
Yubilyarla bağlı videoçarx nümayiş olundu. Kadrlarda uşaqlı-böyüklü hər kəsin “Ələkbər əmi” kimi tanıdığı Azərbaycan Dövlət Kukla Teatrının aktyoru və baş rejissoru olmuş mərhum Ələkbər Hüseynovu da görürük. O, yaradıcılığına, fərqli üslubuna önəm verdiyi E.Seyidcahanı televiziyada apardığı verilişlərə dəvət edib.
Yubiley gecəsində təbrik çıxışları da oldu.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Firuzə İbadova, Gülzar Qurbanova, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva bəstəkarı təbrik etdilər.
İstər mahnı, istərsə də digər musiqi janrlarında ərsəyə gətirdiyi əsərlərin bəstəkarın yaradıcılıq zövqünün məhsulu olduğu vurğulandı.
Tədbir bəstəkarın bir növ səhnə adamlarının himninə çevrilən “Mən aktyoram” adlı kompozisiya ilə davam etdi. Dövlət Pantomima Teatrının aktyoru, Əməkdar artist Bəhruz Vaqifoğlu səhnə insanlarının ruh halının bu musiqi əsərində plastik izharını verdi.
E.Seyidcahanın bəstəkarı olduğu “Şəngülüm, Məngülüm” tamaşası da nümayiş olundu. 2017-ci ildən repertuarda olan tamaşaya teatrın baş rejissoru Anar Məmmədov quruluş verib. Tamaşadakı mahnıları isə teatrın aktrisası Ülviyyə Əliyeva oxuyur.
Alqışlarla qarşılanan tamaşadan sonra yubilyar səhnəyə çıxdı. “Oyuq” uşaq studiyası yetirmələri, Siyəzən rayon 1 saylı orta məktəbin şagirdi Mirhidayət Kazımov və nəvəsi Səmərruh ilə birgə populyar mahnılarını ifa etdi.
Sonda yubilyara teatrın rəssamları tərəfindən hazırlanmış öz kuklası hədiyyə olundu.