Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsinin icrasına başlayıb. İyulun 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində layihə üzrə ilk görüş keçirildi.

Layihənin “Öz teatrını yarat” adı ilə təqdim edilən ilk panelinin qonağı Xalq artisti Bəxtiyar Xanızadə idi.

Görüşdən əvvəl MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov çıxış edərək layihənin Azərbaycan teatrının inkişafına dəstək göstərmək, müasir beynəlxalq tendensiyaların teatra tətbiqi, bu sahəyə marağın artırılması, eləcə də gənclərin cəlb edilməsi və nəsillər arasında təcrübə mübadiləsi məqsədi daşıdığını vurğuladı.

Sonra teatrşünas Dağlar Yusif panelin qonağını təqdim etdi.

Belə baxanda, Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və bədii rəhbəri Bəxtiyar Xanızadəni kim tanımır ki? Amma yox. Bu görüş daha çox yaşca bizim pantomim teatrımızdan kiçik olan nəslə ünvanlanmışdı deyə, Bəxtiyar müəllimin teatr və həyat düşüncələri ilə təkrar tanışlığa ehtiyac var idi.

Bəxtiyar Xanızadə haqqında təqdimatı, qonağın söhbətinə, xanəndələr demişkən, “ayaq verdiyi” giriş sözünü zarafatla “çox elmi” adlandırıb sadə danışmağa üstünlük verdi. Yəni elə həmişəki tək, eynilə seyrək müsahibələrində olduğu kimi, teatrı necə görüb onun barəsində nələri düşündüyünü çox aydın və səlis ifadə etdi.

Bir saatdan artıq davam edən görüşdə Bəxtiyar Xanızadə özünü teatrda necə gördüyündən, öz teatrını necə gördüyündən çox səmimi söhbət etdi və ona huşyarlıqla qulaq kəsilən teatr həvəsli gənclərə bu sənətdə nələri gözləyəcəklərindən, nələrlə qarşılaşacaqlarından öz şəxsi nümunəsində danışdı.

***

…“Tələbə olanda bu teatrın səhnəsində kütləvi səhnələrə çıxırdım. Hər tamaşada çıxışa görə o vaxtın pulu ilə 3 rubl 50 qəpik pul verirdilər. Mənim də həmin məbləğə ehtiyacım var idi deyə, kütləvi səhnəyə çıxırdım. Amma görürdüm ki, artıq teatrda işləyən, ümumi desək, səhnədə nizə tutan məndən yaşda azca böyük olan gənc aktyorlar hər gün bu peşəni seçdiklərinə görə, teatrda işlədiklərinə görə lənət yağdırırlar. Mən bu teatrda elə onlara görə qalmaq istəmədim. Qorxdum ki, mən də onlar kimi olaram”.

…“Pantomima teatrını mən özüm istədiyim üçün yaratdım. Bu, şəxsən mənim istəyim idi və mən çətinlikləri normal qarşıladım. Amma məndən sonra otuz ildə ikinci pantomim teatrı yaranmadı. Deməli, belə bir teatrı yaratmaq istəyən yoxmuş”.

...“Hərdən bayağılaşmış sual verirlər ki, yenidən bu həyata gəlsəydin, yenə bu həyatı, bu sənəti seçərdin? Mənim ona cavabım belədir: bəli, seçərdim və 68 yaşıma qədər keçdiyim ömür yolunda heç nəyi dəyişməzdim. Mən həmişə teatrda uşaqlara deyirəm ki, mənə hər biriniz hər gün bir sual verin. Sual vermək o deməkdir ki, səni nəsə maraqlandırır, düşünürsən. Bir gün də sual verdilər ki, xoşbəxtlik nədir? Cavab verdim ki, xoşbəxtlik – bu günə qədər yaşadığın həyatda heç nəyi dəyişməmək hissidir”.

“Qərib cinlər diyarında” filminə çəkilməyim uşaqlıq həvəsi idi. 1977-ci ildən ta 2000-ci ilədək (“Ovsunçu”) heç bir filmə çəkilmədim. Kino mənlik deyil. Mən kamera qarşısına çıxanda tamaşaçını hiss etmirəm. Televiziya verilişlərinə də buna görə getmirəm: nə bilim, verilişə kim baxır? Baxın, burada əyləşmişik: bir-birimizi görürük, münasibəti hiss edirik. Canlı ünsiyyət ayrı aləmdır. Teatr da canlıdır...”.

***

Adətən, bu cür tədbirlər bir qədər soyuq, bir qədər cansıxıcı ola bilir. Təbii ki, ortamın havası danışandan da, dinləyənlərdən də asılıdır. O gün Bəxtiyar Xanızadə açıq mətnlə kimsəyə “Öz teatrını yarat”, hər şey yaxşı olacaq, demədi. Özünün də öz teatrını təsdiq uğrunda nələrdən keçdiyini, hansı stressləri yaşadığını xatırlamadı. Sadəcə, “Öz teatrını yarat”maq xəyalında olanlara “Öz teatrını yarat”mış şəxsin ürək sözlərini səxavətlə, səmimiyyətlə çatdırdı.

Bu görüşdən qəribə hisslərlə ayrıldıq. Bəlkə də kimsə içindəki teatr diləklərinin üstünə su səpdi, kimsə də əksinə, arzularını məqsədə çevirməyi qətiləşdirdi.

Bəxtiyar müəllim “Nəsildən-nəslə teatr” çərçivəsində ilk ünsiyyət müstəvisini elə qurdu ki, bu çərçivəni görkəmli rejissordan sonra doldurmaq hər halda çətin olar. Bunu gələcək göstərəcək. Hələliksə, biz bu görüşün xoş aurasındayıq. Əgər sözünü dinlədiyimiz Bəxtiyardırsa, dinləyənlər də bəxtiyar olacaq...

Gülcahan Mirməmməd