İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə azad rəqabətin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi və keyfiyyət infrastrukturu sahələri üzrə iqtisadiyyatın rəqabətliliyinin artırılması məqsədilə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib, bu istiqamətlər üzrə xidmətlərin rəqəmsallaşdırılmasının xüsusi əhəmiyyəti vurğulanıb. Həmçinin qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan və yenicə qüvvəyə minən Rəqabət Məcəlləsində rəqabət mühitinin inkişafının davamlılığının artırılmasında mühüm təsirə malik müasir yanaşmalardan bəhs edilib.
Görüş zamanı milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında mühüm rola malik olan turizm sahəsində səmərəli rəqabət mühitinin təmin olunması, həmçinin müştəri məmnuniyyətinin təmin edilməsində açar rolu oynayan keyfiyyətli xidmətin göstərilməsi üzrə hazırda mövcud olan problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda praktiki əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, qurumlararası tərəfdaşlığın doğura biləcəyi nəticələr ətrafında fikir mübadiləsi aparılıb.