Bir məhəllədə boya-başa çatmışdılar, amalları, məqsədləri də bir idi. Söhbət 4 dostdan – Cavidan Məmmədli, Seymur Əzizullayev, Allahverdi Tağıyev və Tacəddin Abışovdan gedir. Qəlbləri Vətən eşqi ilə döyünən gənclər Vətənin dar günündə döyüşlərə yollanıb və qəhrəmancasına şəhadətə ucalıblar. Onların böyüyüb boya-başa çatdığı İmişli rayon mərkəzindəki məhəllədə xatirələrini əbədiləşdirən bulaq istifadəyə verilib.
Mərasimdə İmişli və digər şəhər və rayonlardan şəhid ailələri, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Bildirilib ki, şəhidlər Vətən uğrunda canlarını fəda etməklə gələcək nəsillərə əsl örnək olublar.
Məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
Qeyd edək ki, dörd dostdan üçü – Cavidan Məmmədli, Allahverdi Tağıyev və Tacəddin Abışov 44 günlük Vətən müharibəsində, Seymur Əzizullayev isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatı zamanı şəhid olub.