Şəki-Zaqatala  Regional Mədəniyyət İdarəsinin (RMİ) ilin I yarısı üzrə hesabat iclası keçirilib. M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində keçirilən iclasda regional idarənin rəisi vəzifəsini icra edən Nargilə Qafarova, aparat işçiləri və idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri iştirak ediblər.

Hesabat dövründə görülmüş işlər, o cümlədən bu il ilk dəfə olaraq mərkəzləşdirilmiş şəkildə həyata keçirilmiş musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanlarının uğurla başa çatdırıldığı diqqətə çatdırılıb. Müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, göstərilən mədəni xidmətlərin keyfiyyətinin yüksəldilməsinin vacibliyi bildirilib, tövsiyələr verilib.

***

Lənkəran Mərkəzi Kitabxanasında uşaq yazarı Əyyub Türkayla görüş keçirilib. Şair oxuculara yaradıcılığı haqqında geniş məlumat verib, kitablarından söz açıb. Şəhər 5 saylı körpələr evi-uşaq bağçasının “Nəvələr” qrupunun ifası maraqla qarşılanıb.

Astara rayon Heydər Əliyev Mərkəzində Birinci Qarabağ müharibəsi şəhidi Mahmud Əhmədov, Vətən müharibəsi şəhidləri Əli Feyziyev, Rəşad Eyvazov və gizir Baba Qasımovun doğum günlərinə həsr olunmuş “Şəhidlərimiz qəlbimizdə yaşayır!” mövzusunda tədbir keçirilib. Çıxış edənlər şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətlərdən danışıblar. Qeyd olunub ki, belə Vətən oğullarının qanı və canı bahasına azad olunmuş ərazilərdə şanlı üçrəngli bayrağımız dalğalanır.

Masallı rayon Mərkəzi Kitabxanasında rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə “Adət-ənənələrimiz bu gün” mövzusunda tədbir keçirilib. Çıxışlarda ölkəmizdə maddi-mədəni irsimizin qorunması, inkişafı və təbliği istiqamətində görülən işlərdən danışılıb. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən adət və ənənələrin millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynadığı söylənilib.

***

Siyəzən rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz RGİİ-nin Siyəzən rayonu üzrə Gənclər və idman sektoru ilə birgə intellektual düşərgə təşkil olunub. Məqsəd gənclərin dünyagörüşünü və intellektual səviyyəsini artırmaq, onların gələcək yarışlara hazırlıq səviyyəsini artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdir. İştirakçılar müxtəlif növ intellektual oyunlar oynayıblar. Düşərgədə 40-dan çox yeniyetmə və gənc iştirak edib.

N.Məmmədli