Məlum olduğu kimi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Birinci Qarabağ müharibəsində həlak olanlarla bağlı iş aparır. Buraya həm müharibə zamanı naməlum şəhid kimi müxtəlif şəhər və rayonlarda dəfn olunanların kimliyinin müəyyən edilməsi, həm də işğaldan azad edilən ərazilərdə cəsədlərinin qalıqları tapılanlar aiddir.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri dəqiqləşdirilmiş daha beş şəhidin cəsədlərinin qalıqları iyulun 11-də Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Onların cəsədlərinin qalıqları Xocalı ərazisində aparılan tədqiqatlar nəticəsində aşkar edilib.

Xocalı faciəsi zamanı itkin düşmüş sayılan Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu və Usubov Zakir Kamran oğlunun nəşinin qalıqları şəhid olduqları doğma yurdlarında torpağa tapşırılıb.

Onların nəşinin qalıqları Xocalı ərazisində aparılan tədqiqatlar nəticəsində aşkarlanıb.

Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə tər güllər düzülüb, əklil qoyulub.

***

İyulun 12-də şəxsiyyətləri dəqiqləşdirilmiş daha beş nəfərin cəsədlərinin qalıqları yaxınlarının iştirakı ilə dəfn olunacaq. İdris Osman oğlu Baxışov Quba rayonunun Qənidərə kəndində, Muğan Gəray oğlu Əliyev Füzuli rayonunun Çimən kəndində, İmaməddin Əliağa oğlu Əliyev Ağdaş rayonunun Pirəzə kəndində, Səfiyyə Müləzim qızı Rəhimova və Müsaddin Sədri oğlu Rəhimov Saatlı rayonunun Orta Muğan kəndində torpağa tapşırılacaq.