Hüseyn Arifin Ev-Muzeyində daha nələr qorunur?

 

Bu il XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən Xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadə; 1924–1992) anadan olmasının 100 illik yubileyidir.

Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 1992-ci il sentyabrın 14-də dünyasını dəyişib və doğulduğu kənddə dəfn edilib.

Mədəniyyət Nazirliyinin 5 fevral 1993-cü il tarixli əmrinə əsasən, şairin xatirəsini əbədiləşdirmək məqsədilə Ağstafa rayonunda onun yaşayıb-yaratdığı ev muzey kimi ədəbiyyatsevərlərin üzünə açılıb.

Hüseyn Arifin Ev-Muzeyi 2 otaq, 1 zal, 1 foyedən ibarətdir. Burada 2000-dən artıq eksponat var. Onların əsasını şairin ailəsinə və özünə məxsus məişət əşyaları, geyim nümunələri, şairin həyatının müxtəlif dövrlərini əks etdirən fotolar, sənətkarın sağlığında ona verilən hədiyyələr, çap olunan kitabları təşkil edir.

Muzeyin direktoru Rövşanə Mahmudova şairin ocağında maraqlı eksponatların olduğunu deyir. Bildirir ki, muzeyə gələn ziyarətçilərin diqqətini ən çox cəlb edən eksponatlardan biri Hüseyn Arifin ovladığı və sonra böyük peşmanlıq hissi yaşadığı, hətta haqqında şeir yazdığı dağ kəlinin buynuzudur.

H.Arif “Bir dağ kəli yaraladım zirvədə” adlı şeirində yazır:

Bir dağ kəli yaraladım zirvədə,
Baş titrədi, ayaq əsdi, daş axdı.
Bir canlını candan saldı bir zədə,
İki gözdən iki damla yaş axdı.

Bu hadisədən sonra şairin oğlu Arif çox gənc yaşında avtomobil qəzasında həyatını itirir. Şair bu qəzanı həmin hadisə ilə əlaqələndirir və şeiri belə bitirir:

Birdən-birə elə çırpdı özünü,
Sağ buynuzu qopub qaldı qayada.
Ey Hüseyn, müxtəsər et sözünü,
Bu qan səni tutasıydı, tutdu da.

Muzeydəki eksponatlardan biri – Qaçaq Kərəmin durbinin də maraqlı tarixçəsi var. Qaçaq Kərəmin bibisi Zal qızı Gülnazla H.Arifin babası Bala Hüseyn ailə qurublar. Bu durbin də H.Arifə babasından yadigar qalıb. Durbini muzeyə bu mədəniyyət ocağının ilk direktoru, Hüseyn Arifin həyat yoldaşı Məleykə Hüseynzadə hədiyyə edib.

Muzeyin direktoru başqa bir eksponat haqqında da məlumat verir: “Bir gün Hüseyn Arif Bayıl həbsxanasında məhbuslarla görüşür. Şairin görüşdüyü məhbuslardan biri rəssam olur və o, Hüseyn Arifin şeirlərini çox sevir. Həmin şəxs görüş zamanı çəkdiyi portreti şairə hədiyyə edir. Həmin portret bu gün bizim muzeyimizin eksponatları sırasındadır. Ümumiyyətlə, Hüseyn Arifin tarixi əşyalara böyük marağı olub. Gəzib gördüyü yerlərdə bu əşyalar ya şairə hədiyyə olunub, ya da özü əldə edib. Bunlara misal olaraq misgərlik nümunələri, saxsı qablar, qədim məişət əşyaları və s. göstərmək olar”.

Bunlardan başqa, H.Arifin tut ağacından yonma obrazı, 20 Yanvar faciəsi zamanı Bakı küçələrindən öz əlləri ilə topladığı qəlpələr, çay kənarından əldə etdiyi və üzərində təbiət təsvirlərinin olduğu daşlar, şairin yazı masası, ömrünün son illərində istifadə etdiyi masaüstü şəxsi əşyaları, habelə, sazı, son əlyazması və s. ziyarətçilərin marağına səbəb olur.

Direktor söyləyir ki, şairin 100 illik yubileyi ilə bağlı muzeyin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir. Muzey tərəfindən şairin 100 illiyi ilə bağlı tədbirlər planı hazırlanıb və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən təsdiq edilib: “Hüseyn Arif hər şeydən öncə təbiət vurğunu olub. Şeirlərinin əksəriyyətində Azərbaycanın dilbər guşələrini böyük ustalıqla tərənnüm edib. Biz də bunu nəzərə alaraq şairin 100 illiyi ilə bağlı ilk olaraq ağacəkmə aksiyası həyata keçirdik. “Yaşıl həyat” başlığı altında keçirilən aksiya zamanı Ağstafa şəhər Hüseyn Arif adına Uşaq musiqi məktəbinin həyətində, rayonun Hüseyn Arif adına küçəsində və muzeyin həyətyanı sahəsində ümumilikdə 100 ədəd ağac əkildi”.

Muzeylə yanaşı, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların mədəniyyət müəssisələrində də şairin 100 illiyi ilə bağlı müxtəlif tədbirlər təşkil edilib. Hüseyn Arifin yubiley tədbirləri ilin sonuna kimi davam edəcək.

Direktor deyir ki, həftənin bütün günləri fəaliyyət göstərən muzeyi ən çox şagirdlər və müəllimlər ziyarət edirlər. Həmçinin ədəbiyyat fənnini tədris edən müəllimlər açıq dərslərini məhz muzeydə keçirlər.

Nurəddin