Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan edib. Müsabiqə mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər, yerli animasiyanın dəstəklənməsi və kino sənayesində institusional islahatlar kimi prioritet istiqamətləri əhatə edir.

İyulun 10-da qrant müsabiqəsi ilə bağlı açıq infosessiya təşkil edilib.

Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində keçirilən tədbirdə müsabiqə ilə maraqlanan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov müsabiqədə iştirak şərtləri, prioritet istiqamətlər və altmövzular barədə danışıb. O, həmçinin layihə təklifi ilə bağlı qoyulan tələblərdən söhbət açıb.

Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planında mədəni və yaradıcı sənayelərə də mühüm yer ayrıldığını deyən R.Əzizov bildirib ki, müsabiqə də bu tədbirlər çərçivəsində keçirilir və məqsəd yaradıcı sənayelərin inkişafıdır.

Qeyd olunub ki, Strategiyada da göstərildiyi kimi, yeni biznes subyektlərinin yaranması və hər il bu istiqamətdə 5 faiz artımın olması vacib hədəfdir. İxrac sahəsi inkişaf etdirilməli və yaradıcı sənaye məhsullarının sayı artırılmalıdır.

“Layihə tərkibində müxtəlif mövzuları bir arada birləşdirmək mümkündür. Qrant müsabiqəsinin prioritet istiqamətləri sırasında mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər, yerli animasiyanın dəstəklənməsi, kino sənayesinin institusionallaşdırılmasına dair layihələr yer alır”, – deyə şöbə müdiri bildirib.

Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyindən əvvəllər qrant alan, lakin qrant müqaviləsinin yekunlaşmasına baxmayaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən qeyri-hökumət təşkilatları müsabiqədə iştirak edə bilməz. Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinə son müraciət tarixi 1 avqustdur. Sənədlərin qəbulu grants.culture.az internet resursu üzərindən elektron formada reallaşır.

Tədbir sual-cavab formatında davam edib.