Alaş dövrü ədəbiyyatı ilə bağlı tədqiqat aparırlar

 

Astanadakı Lev Qumilyov adına Avrasiya Milli Universiteti Qazax ədəbiyyatı kafedrasının müdiri, Qazaxıstan Ali Təhsil və Elm Nazirliyi tərəfindən maliyyələşdirilən elmi qrant layihəsinin rəhbəri Kayırbek Kemenqerov həmkarları ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.

Muzeydən bildirilib ki, qazaxıstanlı qonaqlar “Alaş dövrü ədəbiyyatı: inteqrativ folklorşünaslıq konteksti və yeni elmi paradiqma” adlı qrant layihəsi çərçivəsində elmi fəaliyyətləri ilə bağlı Azərbaycana gəliblər.

Əvvəlcə onlar muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüblər. Bildirilib ki, XX əsrin əvvəllərində Qazaxıstanda milli hərəkatın liderləri tərəfindən Alaş Orda dövləti (1917–1920-ci illər) qurulub. Kayırbek Kemenqerin ulu babası Koşke Kemenqerov Alaş hərəkatının liderlərindən olub.

Kayırbek Kemenqer qazax dilində nəşr olunmuş, Alaş dövrü ədəbiyyatını əks etdirən məqalələrdən ibarət “Əlixan Əlemi” kitabını və digər nəşrləri muzeyə təqdim edib. Akademik Rafael Hüseynov isə rus dilində nəşr olunmuş Azərbaycan ədəbiyyatının klassiklərindən bəhs edən “Sözün meracı”, “Məhsəti Gəncəvi. Portret-oçerk” kitablarını və muzeyin ekspozisiyasını əks etdirən bukleti qonaqlara hədiyyə edib.

Daha sonra qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.

Görüşdə Azərbaycanın Əməkdar rəssamı, pedaqoq, Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Qazaxıstanda (ailəsi sürgündə olarkən) dünyaya gəlmiş Rais Rəsulzadə də iştirak edib. O, Qazaxıstandakı uşaqlıq və gənclik illəri ilə bağlı xatirələrini danışıb.