Milli Azərbaycan Tarixi Muzeyi və Polşanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Muzeydən bildirilib ki, sənədi elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov və Polşanın ölkəmizdəki səfiri Rafal Poborski imzalayıblar.
Razılaşmaya əsasən, hər iki tərəfin əməkdaşlarının iştirakı ilə muzeydə tanınmış polşalı memar Yuzef Qoslavskinin vəfatının 120-ci ildönümünə həsr olunan sərgi təşkil ediləcək.
Sərgidə Yuzef Qoslavski tərəfindən vaxtilə Bakıda layihələndirilmiş məşhur binaların 3D formatında təqdimatı, polşalı memarın həyat və yaradıcılığına aid arxiv sənədləri (və ya onların surətləri), xüsusən də Bakıdakı fəaliyyət ilə bağlı mətn və vizual materiallar yer alacaq.
Sərginin təşkili ilə bağlı fikir mübadiləsindən sonra qonaqlar muzeyin yeni ekspozisiyası ilə də tanış olublar.