Beynəlxalq elmi konfrans keçiriləcək
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə oktyabrın 24-25-də “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfrans tanınmış arxeoloq, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin (1934–2024) 90 illiyinə həsr olunub.
Konfransda Qarabağ və Zəngəzurun Daş və Paleometal dövrlərinin arxeoloji irsi, həmin ərazidə skif mədəniyyətinin izləri, alban mədəni irsi, İslam mədəni irsi, Qarabağ və Zəngəzurun qeyri-maddi mədəni irsi, Azərbaycanın arxeoloji irsinin tədqiqi, tədrisi və təbliğində professor Qüdrət İsmayılzadənin töhfələri, mədəni irsin nəzəri məsələləri istiqamətlərində məruzələr dinləniləcək.
Hibrid formatda təşkil ediləcək konfrans Azərbaycan, türk, rus və ingilis dillərində keçiriləcək. İştirakla bağlı məlumat və tezislər oktyabrın 1-dək conferencehistory@bsu.edu.az ünvanına göndərilməlidir.
Seçilmiş və müvafiq qaydada rəydən keçmiş məqalələr konfrans materiallarının toplusunda dərc olunacaq.