“ArtCoLab” Yaradıcı Gənclər Platformasının təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin tərəfdaşlığı ilə gənc rəssamların “Onun yarısı” adlı qrup sərgisi keçirilib.

4-5 iyul tarixlərində Muzey Mərkəzində təşkil olunan sərgi “ArtCoLab”ın yaradılmasının 5 illiyinə həsr edilib. Sərgidə 26 gənc rəssam tərəfindən ərsəyə gətirilən 44 əsər nümayiş olunub. Müxtəlif mövzulu bədii nümunələrin əksəriyyəti kətan üzərində yağlı boya ilə işlənib.

Açılış mərasimində mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamları Ömər Eldarov, Ağaəli İbrahimov, Sakit Məmmədov, Səlhab Məmmədov, “ArtCoLab” YGP-nin rəhbəri Çinarə Quliyeva, ictimai xadimlər və digər şəxslər iştirak ediblər.

“Davam” Gənclər Hərəkatı idarə heyətinin sədri Nihad Allahyarlı açılış nitqi söyləyib, sərgi haqqında məlumat verib.

Digər çıxış edənlər də  sərginin əhəmiyyətini qeyd edib, əsərlərin ideya-bədii xüsusiyyətlərindən danışıblar.

Sonra gənc rəssamlar təltif ediliblər. Sonda qonaqlar sərgi ilə tanış olublar.