İyulun 12-si Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 31-ci ildönümüdür. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. TÜRKSOY-un Katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

TÜRKSOY-un 6 qurucu üzv ölkəsindən savayı, Şimali Kipr Türk Cümhuriyyəti, eləcə də Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakasiya və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi təşkilatda müşahidəçi üzvlük statusuna malikdir.

TÜRKSOY yarandığı gündən qardaş xalqların ortaq mədəniyyət çətiri altında söz və sənət dəyərlərimizi bir araya gətirərək təbliğ edir. Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.

Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri Xalq artisti Polad Bülbüloğlu 1993–2006-cı illərdə TÜRKSOY-un ilk baş katibi olub. Ondan sonra təşkilata Qazaxıstanın keçmiş mədəniyyət naziri, musiqi xadimi Düsen Kaseinov rəhbərlik edib. 2022-ci ildən Qırğızıstanın keçmiş mədəniyyət naziri Xalq yazıçısı Sultan Raev TÜRKSOY-un baş katibidir.

Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. O cümlədən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi iki dəfə ölkəmizdə reallaşıb. 2016-cı ildə bu adı Şəki şəhəri daşıyıb. 2023-cü ildə isə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” olub.

V.Orxan