Tovuz döyüşlərinin dördüncü ildönümü

 

2020-ci ilin Tovuz döyüşləri (12-16 iyul) Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. 2016-cı il şanlı Aprel döyüşlərindən sonra 2020-ci ilin Tovuz döyüşləri Vətən müharibəsində tarixi Zəfərə doğru gedən yolda önəmli mərhələ idi. Bu döyüşlər, əslində, Vətən torpaqları uğrunda böyük savaşın artıq yaxın olduğunu göstərən qəhrəmanlıq cəngi, bu yolda xalq-ordu birliyinin ilk nümayişi idi.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutaraq hücuma keçməyə cəhd göstərib. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuz istiqamətində gərginliyi artırmaq məqsədilə artilleriya qurğularından da istifadə etməklə Ordumuzun mövqelərinə, o cümlədən rayonun Ağdam kəndinə yenidən atəş açıb. Düşmənin bu təxribatlarına qarşı qoşunlarımız tərəfindən sərt cavab tədbirləri görülüb.

Həmin gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bölmələrimiz düşmənin təxribatlarının qarşısının alınması məqsədilə cəza tədbirləri həyata keçiriblər.

Şiddətli döyüşlər iyulun 14-nə keçən gecə və səhər saatlarında davam edib. Böyük itki verən düşmən geri çəkilib.

İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub. Həmin vaxt müdafiənin ön xəttində olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun qarşısını alarkən beş hərbi qulluqçumuz şəhid olub. Bu, Azərbaycan Ordusunun yüksəkrütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetməsini dünyaya nümayiş etdirib.

Azərbaycan Ordusu şəhidlərimizin qisasını alıb, düşmənin atəş mövqeyindəki artilleriya qurğusu döyüş heyəti ilə birlikdə yerlə yeksan edilib. Bir gün sonra görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası və daha bir bölüyün dayaq məntəqəsi məhv edilib.

Tovuz döyüşlərinin mühüm əhəmiyyəti xalqımızın Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı qəhrəmancasına döyüşən Ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. İyulun 15-nə keçən gecə on minlərlə gənc paytaxtda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib.

Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alınıblar.

İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd göstərən düşmən cavab atəşi ilə susdurulub.

Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb, 1 mülki şəxs həlak olub. Xalq öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola salıb.

2020-ci ilin iyulunda baş vermiş döyüşlər Azərbaycanın döyüş meydanında Ermənistana necə ağır zərbə vura biləcəyini göstərib. Döyüşlərdə düşmənin yüzdən çox hərbçisi məhv edilib, onlarla döyüş texnikası sıradan çıxarılıb.

Bu döyüşlərdən təxminən iki ay sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanı diz üstə qoyaraq torpaqlarımızı işğaldan azad etdi.

2023-cü ilin 19-20 sentyabrında isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam və qəti bərpası naminə Zəfər salnaməsinin son cəngi oldu. Azərbaycan ərazisində kök salmış separatçı hərbi-kriminal rejimin kökü birdəfəlik kəsildi.