3500 il yaşı olan ayin masası
İtaliyanın Kataniya Universitetinin arxeoloqları Azərbaycanın Ağstafa rayonundakı Son Tunc dövrünə aid “Tava-təpə” qədim yaşayış məskənində keramik qab və 3500 il yaşı olan ayin masası tapıblar.
Bununla bağlı “Heritage Daily” portalında dərc edilmiş məqalədə təxmin edilir ki, “Tava-təpə” Kür çayı hövzəsi ilə Qafqaz dağları arasında məskunlaşan köçəri tayfalar üçün istirahət məkanı ola bilərdi.
Məqalədə bildirilir ki, qazıntılar zamanı ayin süfrəsi və yaxşı qorunub saxlanılmış keramika qabları, o cümlədən manqal üçün gövdələr olan dairəvi gil konstruksiya aşkar edilib. Qazıntı sahəsinə səpələnmiş kasa və digər bişmiş keramika qablarının qırıqları burada qalan qədim köçərilərin yeməklərini keramika qablarda bişirdiyini göstərir.
Alimlərin fikrincə, konstruksiyaya giriş əvvəlcə taxta dirəklərlə təmin edilib, damı isə samanla örtülüb. Perimetr boyunca sütun çuxurları strukturun ölçüsünü hesablamağa imkan verir; onun diametri təxminən 15 metr olub.
Dairəvi sahənin xarici hissəsində müxtəlif heyvan – iribuynuzlu mal-qara, qoyun və donuz sümükləri, həmçinin saxsı qab qırıqları aşkar edilib. Arxeoloqların fikrincə, bu tapıntılar “Tava-təpə”də köçəri tayfaların ümumi süfrəsinin bir hissəsi olan ayin yeməkləri haqqında yeni fikirlər verir.
Quruluşun ayin xarakterini xüsusi çuxurlara yerləşdirilmiş və tanrılara təqdim etmək üçün nəzərdə tutulmuş nəzir deyən insan heykəlcikləri də göstərir.
Arxeoloqlar iyulun ortalarında “Tava-təpə”də tapılan artefaktları təqdim etməyi planlaşdırırlar. “Heritage Daily” yazır ki, Siciliyadakı Kataniya Universitetinin bu ilin dekabrında qazıntıların nəticələrinə dair sərgi təşkil edəcəyi də gözlənilir.
Qeyd edək ki, “Tava-təpə” qədim yaşayış məskəni eramızdan əvvəl XIII–VII əsrlərə aid Son Tunc və Erkən Dəmir dövrünə aid Xocalı-Gədəbəy mədəniyyətinə məxsusdur. Arxeoloqlar keramik qabları ötən ilin yayında Ağstafa rayonunun Aşağı Kəsəmən kəndi yaxınlığında aşkar ediblər. Qədim yaşayış məskəninin yerində qazıntı işləri üç ildir ki, azərbaycanlı mütəxəssislər tərəfindən Türkiyə və İtaliyadan olan arxeoloqlarla birgə aparılır.