İyulun 12-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada istedadlı gənc yazıçı Elvin İlqaroğlunun “Sən qəribə adamsan” adlı kitabının təqdimatı keçirilib.

Kitabxanadan bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat Milli Kitabxananın və “Azərbaycan gənclərinin inkişaf hərəkatı” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Kitab klubunun təşkilatçılığı ilə “Kitabın sirri” layihəsi çərçivəsində təşkil olunub.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov kitabxananın 2006-cı ildən gənclərlə çox sıx əlaqədə işlədiyini deyib: “2006-2010-cu illərdə Milli Kitabxanada “Gənc ədiblər dərnəyi” fəaliyyət göstərirdi. Bu gün üzdə olan gənc yazarlar Milli Kitabxanada fəaliyyət göstərmiş həmin dərnəyin yetişdirmələridir. Həmçinin hazırda Milli Kitabxananın oxucularının 80 faizindən çoxunu gənclər təşkil edir. Ona görə də kitabxananın ən böyük qayəsi gənclərə dəstək olmaq, onları Azərbaycan xalqına təqdim etmək və yaradıcılığını təbliğ etməkdir”.

K.Tahirov gənc yazarı təbrik edib, yaradıcılığında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən İctimai Birliyin sədri Miri Mirəliyev tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda “Sən qəribə adamsan” kitabının imza mərasimi keçirilib.