İyulun 12-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Komparativastika və bədii tərcümə şöbəsinin müdiri professor Şəfəq Əlibəylinin 75 illik yubiley tədbiri keçirilib.
Tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynov Şəfəq Əlibəylinin elmi fəaliyyətindən danışıb.
Akademik bildirib ki, şair Ənvər Əlibəylinin ailəsində dünyaya göz açan Şəfəq Əlibəyli 1985-ci ildə filologiya elmləri namizədi, 2010-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Şəfəq Əlibəyli dilçilik üslubiyyatı, leksikologiya və leksikoqrafiya sahəsində farsdilli mənbələr əsasında tədqiqatlar aparıb. Onun elmi məqalələri ölkəmizdə və xaricdə elmi ictimaiyyəti maraqlandırıb. Alim iki monoqrafiya və bir lüğətin müəllifidir: “Fars dilində antonimlər” (rus dilində), “Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər”, “Farsca-rusca-azərbaycanca müxtəsər lüğət”. Bundan əlavə, Şəfəq Əlibəylinin “Foruğ Fərruxzad. Şeirlər”, “Əmir Xosrov Dəhləvi. Qəzəllər və tapmacalar”, “Həbibulla Sənayi Puya. Rübailər” və digər tərcümələri var.
Şəfəq Əlibəyli 2021-ci ildə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə III dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Sonra tədbir Şəfəq Əlibəylinin qələm dostlarının, həmkarlarının yubilyar haqqında çıxışları ilə davam edib.
Tədbirdə filologiya elmləri doktoru, professor Mehdi Kazımov, AMEA Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, professor Möhsün Nağısoylu, dosent Tofiq Cahangirov, professor Raqub Kərimov, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti Əsmətxanım Məmmədova, fakültənin professoru Çimnaz Mirzəzadə, İran filologiyası kafedrasının dosenti Nüşabə Əlizadə, filologiya üzrə fəlsəfə doktoru Laura Orucova, yubilyarın bacısı Şəlalə Əlibəyli və başqaları iştirak ediblər.
Çıxışçılar yubilyarı təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.