Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “14 iyul müasir Azərbaycan tarixinin dönüş mərhələsidir” adlı tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 55 illiyinə həsr olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Yasamal rayon MKS-nin əməkdaşı İradə Hüseynova açaraq Ulu öndərin siyasi fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycan KP MK-nın 1969-cu il iyulun 14-də keçirilən plenumu Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi. Plenumda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilib. Heydər Əliyevin yüksək idarəçilik bacarığı sayəsində respublikamızın iqtisadiyyatı, təhsil, səhiyyə və mədəniyyətimiz sürətli inkişaf yolu keçib. 1969–1982-ci illərdə Azərbaycanın əldə etdiyi uğurlar sonralar xalqımızın siyasi müstəqilliyi yolunda mühüm rol oynayıb.

Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Mayrux Cavadova məruzəsində qeyd edib ki, 1969–1982-ci və 1993–2003-cü illərdə Azərbaycan mədəniyyəti renessans dövrünü yaşayıb, Ulu öndər Azərbaycan mədəniyyətinin bütün sahələrinə xüsusi həssaslıqla yanaşıb, diqqət və qayğısını əsirgəməyib.

“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, “Azərbaycan dünyası” jurnalının baş redaktoru, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov, şəhid Sübhan Abdurəhmanın anası Mehriban Abdurəhman, Qarabağ müharibəsi veteranı İsa Musayev və başqalarının  çıxışları dinlənilib.

Sonra rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan Ulu öndərə həsr olunmuş videoçarx izlənilib.

Sonda Ümummilli liderin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki heykəli qarşısında xatirə şəkilləri çəkdirilib.