Respublika Uşaq Kitabxanası fondunu yeni nəşrlərlə komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” elan edib.

Kitabxanadan bildirilib ki, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.

Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 nüsxə alınacaq. İştirakçılar tərəfindən nəşrlər iyulun 26-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

Məzmun və poliqrafik baxışından qüsurlu, ümumi tirajı 50-dən aşağı olan nəşrlərin satınalınmasına yol verilmir.

Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, türk, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər. Müsabiqə müddətində təqdim edilən nəşrlərdə uşaq ədəbiyyatına üstünlük veriləcək.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır.