Niderland Krallığının Almere şəhərində beynəlxalq məktəbdə “Mədəni müxtəliflik” bayramı təntənəli şəkildə qeyd edilib. Beynəlxalq məktəbin müxtəlif xalqlardan olan şagird və müəllimləri milli mədəniyyətlərini təqdim ediblər.
Tədbirdə Azərbaycan da təmsil olunub. “Mədəni müxtəliflik” bayramında bu məktəbdə çalışan azərbaycanlı müəllimlər- Nəzakət Rəhimli və Natella Mehdiyevanın təşəbbüsü və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının dəstəyi ilə Azərbaycan milli stendi təşkil olunub. Milli stendimizdə ölkəmizin tarixi və mədəniyyətindən bəhs edən kitablar, milli musiqi alətləri və milli geyim nümayiş olunub.
Ziyarətçilərə ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat verilib. Tədbir çərçivəsində iştirakçı ölkələrdən olan şagirdlər milli geyimdə ölkələrinin rəqslərini, musiqisini təqdim ediblər. Həmçinin ziyarətçilər tədbir çərçivəsində digər ölkələrlə yanaşı Azərbaycan milli mətbəxinin təamlarını dadıblar.
Azərbaycan stendi, eləcə də mətbəxi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Tədbirin təşkilatçısı Jose Zuniga “Mədəni müxtəliflik” bayramı ilə bağlı fikirlərini bölüşərək bildirib ki, müxtəlif mədəniyyətlərin belə nümayişi milli mədəniyyətləri qarşılıqlı tanınmasına, eləcə də müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmaya töhfə verir. Belə tədbirlər şagirdlərin dünya görüşünün formalaşmasına imkan yaradır və onları qlobal vətəndaş olmağa hazırlayır. Şagirdlər və valideynlər tədbirdən məmnun olduqlarını bildiriblər.
Müxtəlif xalqların mədəniyyətlərinin təqdimatı ilə davam edən tədbir məktəblərdə mədəni müxtəlifliyin və inklüzivliyin nə qədər əhəmiyyətli olduğunu bir daha əyani şəkildə göstərib.