Azərbaycan

 

17 iyul 1487 – Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487 – 23.5.1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvilər dövlətini qurub. “Xətai” təxəllüsü ilə şeirlər yazıb, “Dəhnamə” poemasının müəllifidir.

17 iyul 1898 – Ədəbiyyatşünas, publisist Əbdülvahab Hacı Zeynalabdin oğlu Məmmədzadə (Yurdsevər; 1898–1976) Bakıda doğulub. 1923-cü ildə həbs edilib, 10 il həbs və sürgündən sonra mühacirətə gedib. 60-70-ci illərdə İstanbulda Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib, Ankarada dəfn olunub.

17 iyul 1953 – Xalq artisti Telman Abbasqulu oğlu Adıgözəlov (1953 – 15.4.2010) Balakən rayonunda doğulub. Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. Filmlərdə (“Anlamaq istəyirəm”, “Günaydın, mələyim!” və s.) çəkilib.

17 iyul 1965 – Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi yaradılıb. Arxiv görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın adını daşıyır.

17 iyul 2022 – Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova (28.11.1939 – 2022) vəfat edib. Müxtəlif janrlarda əsərlərin (“Vətən şəhidləri” kantatası, “Əhvali-ruhiyyələr”, “Azərbaycan təranələri” və s.) müəllifidir.

 

18 iyul 1903 – Əməkdar incəsənət xadimi Sergey Mayorov (1903–1973) anadan olub. Dövlət Rus Dram Teatrında quruluşçu rejissor və baş rejissor işləyib.

18 iyul 1927 – Tanınmış heykəltaraş, Xalq rəssamı Tokay Həbib oğlu Məmmədov (1927 – 2.5.2018) Bakıda anadan olub. Üzeyir Hacıbəylinin, Nəsiminin (İ.Zeynalovla birlikdə), Füzulinin (Ö.Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının professoru kimi gənc heykəltaraşların yetişməsinə töhfələr verib.

18 iyul 1932 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova (1932–2006) Bakıda doğulub. Kitabları: “Azərbaycan epik şeirinin inkişaf yolları”, “Məhəmməd Füzuli”, “Nizaminin poeziya sələfləri” və s.

18 iyul 1940 – Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov (1940 – 20.5.2021) anadan olub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində çalışıb.

18 iyul 2021 – Ustad jurnalist, yazıçı-publisist Tahir Heydər oğlu Abbaslı (25.9.1948 – 2021) vəfat edib. Uzun illər “Mədəniyyət” qəzetində çalışıb.

 

19 iyul 1915 – Xalq artisti, opera müğənnisi (bariton) Ağababa Balağa oğlu Bünyadzadə (1915 – 17.12.1974) Bakının Kürdəxanı kəndində doğulub. 1938-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.

19 iyul 1946 – Əməkdar rəssam Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli; 1946 – 4.9.2022) Bərdə rayonunun Uğurbəyli kəndində anadan olub. “Dədə Qorqud”, “Qoca qarabağlı” və s. əsərləri xüsusilə məşhurdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışıb.

19 iyul 2011 – Prezident İlham Əliyev Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

19 iyul 2012 – Prezident İlham Əliyev Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalayıb.

19 iyul 2017 – Prezident İlham Əliyev Xalq artisti, milli teatr və kino sənətinin görkəmli nümayəndəsi Məhluqə Sadıqovanın 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

19 iyul 2019 – Prezident İlham Əliyev görkəmli dilçi alim, türkoloq, akademik, Dövlət mükafatı laureatı Məmmədağa Şirəliyevin 110 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

17 iyul 1846 – Rus alimi, səyyah və etnoqraf Nikolay Mikluxo-Maklay (1846–1888) anadan olub. Cənub-şərqi Asiyanın, Avstraliyanın müxtəlif xalqlarının etnoqrafiyasını tədqiq edib.

17 iyul 1888 – İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1966) Samuel Aqnon (Samuel Josef Agnon; 1888–1970) anadan olub. “Toy talvarı”, “Gecə qonağı” və s. romanların müəllifidir.

17 iyul 1889 – Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889–1970) anadan olub. 100-dən artıq romanın müəllifidir.

 

18 iyul 1811 – İngilis yazıçısı Vilyam Tekkerey (William Makepeace Thackeray; 1811–1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.

 

19 iyul 1834 – Fransız rəssamı və heykəltaraşı Edqar Deqa (Edgar Degas – Hilaire Germain de Gas; 1834–1917) anadan olub.

19 iyul 1893 – Rus şairi Vladimir Mayakovski (1893 – 14.4.1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Hamam” və s.

19 iyul 1938 – Gürcüstanın Xalq artisti, tanınmış estrada müğənnisi, aktyor Vaxtanq Konstantinoviç Kikabidze (1938 – 15.1.2023) anadan olub.

19 iyul 1934 – Rusiyanın Xalq artisti Aleksandr Şirvindt (1934 – 15.3.2024) anadan olub. Moskva Akademik Satira Teatrının artisti və 20 ildən artıq bədii rəhbəri olub. Çoxsaylı filmlərdə çəkilib.

Hazırladı: V.Orxan