Yubileyə həsr olunan ədəbi-bədii gecə

 

Bu il Azərbaycan Yazıçılar Birliyi (AYB) 90 yaşını qeyd edir. İyulun 14-də Beynəlxalq Muğam Mərkəzində qurumun yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib.

Dövlət Himni səsləndirildikdən sonra AYB-nin katibi şair, tərcüməçi, tədbirin moderatoru Səlim Babullaoğlu gecəni açıq elan edib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AYB-nin sədri Xalq yazıçısı Anar çıxış edərək Azərbaycanın görkəmli ədiblərini, 1937-ci ilin repressiya qurbanlarını yada salıb, onların nakam talelərindən söhbət açıb.

Birliyin 90 illik keşməkeşli, eyni zamanda şərəfli tarixindən danışan sədr diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyev həm sovet Azərbaycanına rəhbərliyi dövründə, həm də müstəqillik dövründə ədəbiyyatımıza, ədəbiyyat adamlarına həmişə qayğı ilə yanaşıb. Bu qayğıkeş münasibətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyən Anar dövlətimizin başçısına minnətdarlığını bildirib. Vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən Şuşanın, işğal altındakı bütün torpaqlarımızın azad edilməsi bizim üçün ən böyük səadətdir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında akademiya ilə AYB-nin sıx əlaqəsinin elmlə ədəbiyyatın vəhdətinə səbəb olduğunu nəzərə çatdırıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov nazir Adil Kərimlinin adından 90 illik yubiley münasibətilə bütün yazıçı və şairləri təbrik edib, xoş arzularını çatdırıb. O, yubiley tədbirinin əlamətdar bir tarixə – Ulu öndərin Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümünə təsadüf etməsinin rəmzi məna daşıdığını bildirib. Deyib ki, Heydər Əliyev dövrün tanınmış yazıçıları ilə daim təmasda olub, onlardan diqqət və qayğısını əsirgəməyib.

Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin birgə layihələrinə diqqəti çəkən nazir müavini bildirib ki, dövlət başçısının müvafiq sərəncamları ilə ədiblərimizin yubileyləri mədəniyyət ocaqlarında geniş qeyd olunur. Bu il Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi, bir neçə gündən sonra isə Şuşada təşkil olunacaq Vaqif Poeziya Günləri iki qurum arasında sıx əməkdaşlığın göstəricisidir.

AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev indiyə qədər birliyə rəhbərlik etmiş görkəmli şəxsiyyətləri yada salıb. O, eyni zamanda Birinci Qarabağ savaşında övladı şəhid olmuş 11 yazıçı və şairin xatirəsini ehtiramla yad edib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un sabiq baş katibi Düsen Kaseinov, türkiyəli şair Ataol Bəhramoğlu, İLESAM-ın rəhbəri, şair Mehmet Nuri Parmaksız, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar, qırğızıstanlı şair, tərcüməçi Joldokbek Monoldorov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Minhaciddin Mirzə çıxış edərək təbriklərini çatdırıblar.

AYB-nin Ağsaqqallar şurasının sədri Xalq şairi Nəriman Həsənzadə keçmiş xatirələri yada salıb, 90 yaşlı ədəbiyyat ocağının onun və yüzlərlə qələm adamının həyatındakı rolundan bəhs edib.

Xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyatın funksiyası, sözün sehri, yazıçı və şairlərin əsərlərinin bir xalq üçün böyük əhəmiyyətindən söhbət açıb, “Şairlərə borcumuz” adlı şeirini səsləndirib.

Akademik Rafael Hüseynov çıxışında AYB-nin 90 illik tarixinin qısa icmalını əhatə edib. Bu müddət ərzində ictimai-siyasi vəziyyətin ədəbiyyata təsiri, ədəbiyyatın keçdiyi çətin yol barədə fikirlərini bölüşən akademik AYB-nin 90 illiyi münasibətilə hər kəsi təbrik edib.

AYB-nin katibləri Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı yubileylə bağlı təbriklərini dilə gətirib, şairlər şeirlərini səsləndiriblər. Həm Birinci Qarabağ savaşından, həm də parlaq Zəfərimizdən sonra layiqli ədəbi əsərlərin yarandığı bildirilib. Vaxtilə Xalq şairi Qabilin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” şeirinin zamanı qabaqlayaraq təsdiqini tapdığı qeyd edilib.

AYB sədrinin müşaviri şair Sayman Aruz o taylı-bu taylı ədəbiyyatımızın ağrılarından, Araz boyda həsrətin ədəbiyyatımızda inikasından, Azərbaycanda yazıb-yaratmış güneyli yazıçı və şairlərdən bəhs edib.

Tədbirin bədii hissəsində Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov və cənublu ifaçı Arif Mehmandos çıxış ediblər.

Lalə  Azəri