14 iyul Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik günlərdəndir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin həmin günündə keçirilən plenumunda Heydər Əliyev respublikanın rəhbəri – Azərbaycan KP MK-nın I katibi seçilib. Bu, Heydər Əliyevin böyük siyasətə gəlişi idi. Qarşıda onun rəhbərliyi altında Azərbaycanın böyük quruculuq illəri vardı.

Əlamətdar tarixin 55 illiyi münasibətilə bölgələrdə bir sıra tədbirlər keçirilib.

Quba-Xaçmaz RMİ ilə YAP Qusar rayon təşkilatı birgə Qusar rayon Heydər Əliyev Mərkəzində “Tərəqqi yolunun başlanğıcı” mövzusunda konfrans keçiriblər. Çıxış edənlər 1969-cu ilin 14 iyulunda Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsini ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndiriblər. Qeyd olunub ki, Ümummilli lider həmin vaxta qədər keçmiş SSRİ-nin aqrar respublikası olan Azərbaycanın yüksək sənaye inkişafı, mədəniyyəti ilə tanınmasına nail olub.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində YAP Siyəzən rayon təşkilatı ilə birgə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, 14 iyul 1969-cu il tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gündür. Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Onun siyasi hakimiyyətə gəldiyi gün xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır.

***

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Tariximizin şanlı səhifəsi” mövzusunda tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə müasir Azərbaycanın tarixində yeni səhifə açıldı, gələcək müstəqil respublikanın iqtisadi təməli qoyuldu. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyətinə həsr olunan filmi izləyiblər.

***

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdəki çıxışlarda da Azərbaycanın davamlı inkişaf yolunda 1969-cu ildən sonrakı mərhələnin əhəmiyyəti vurğulanıb. Ulu öndərin dövlətçilik fəaliyyətindən, Vətən, xalq qarşısında misilsiz xidmətlərindən bəhs olunub, tarixi videokadrlar nümayiş etdirilib.

***

Şirvan şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Tədbirdə çıxış edənlər dahi liderin siyasi hakimiyyətə gəlişindən 55 il ötdüyünü, dövlət müstəqilliyimizin möhkəm təməllərinin və etibarlı bünövrəsinin məhz onun tərəfindən qoyulduğunu diqqətə çatdırıblar.

Biləsuvar rayon Heydər Mərkəzində “Tarix yazan şəxsiyyət” mövzusunda mühazirə saatı təşkil edilib. Gənclər üçün keçirilən mühazirədə mərkəzin elmi işçisi Lamiyə Dadaşova Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verib. Növbəti gün mərkəzdə “Xalqa həsr olunmuş ömür” adlı qısametrajlı film nümayiş etdirilib.

Əlamətdar günlə bağlı Neftçala rayon Heydər Əliyev Mərkəzində də tədbir keçirilib. Tədbir çərçivəsində gənclərin əl işləri nümayiş etdirilib, Ulu öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən film izlənilib. Gənclər arasında bilik yarışı keçirilib. Tədbirin bədii hissəsində mərkəzin gitara kursunun müəllimi Murad Abdullazadə musiqi nömrələri səsləndirib.

***

Cəlilabad rayon Alar kənd Mədəniyyət evində Ulu öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş tədbir təşkil edilib. Bildirilib ki, Azərbaycan dövlətinin tarix səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi Heydər Əliyev olub. Onun 1969–1982-ci illərdə rəhbərliyi dövründə həyata keçirilən islahatlar fonunda Azərbaycan SSRİ miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilib.

Nurəddin Məmmədli