Türkiyənin Gəncədəki Baş konsulluğunun təşkilatçılığı ilə 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar tədbir keçirilib.
Gəncə Ekoloji Park kompleksində keçirilən tədbirdə əvvəlcə iki qardaş ölkə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop çıxış edərək, Demokratiya və Milli Birlik Gününün tarixi önəmindən danışıb. Bildirib ki, 2016-cı il iyulun 15-də Türkiyə xain dövlət çevrilişi cəhdi ilə üzləşdi. Bununla belə, xalq bu vəziyyətə biganə qalmadı, Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə minlərlə vətəndaş dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün şəhər meydanlarına və küçələrinə çıxdı, Vətənini, dövlətini və demokratiyanı müdafiə etdi. O qeyd edib ki, bu gün türk milləti şəhid və qazilərini şükür, minnət, rəhmət və ehtiramla xatırlayır.
Sonra şəhidlərin xatirəsinə dualar oxunub, Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarx nümayiş etdirilib.
Park kompleksinin ərazisində şəhidlərin xatirəsinə ağac əkilib.